Bakıda yenidən tramvay və troleybus xətlərinin bərpası gündəmə gəlib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvay xətlərinin bərpası ilə bağlı ölkə başçısına müraciət olunduğunu deyib. O, tramvay xətlərinin yenidən tikilməsinin çətin olduğunu qeyd etsə də, bu barədə düşünüldüyünü vurğulayıb. Bildirib ki, tramvay xətlərini sökməklə Bakıya ziyan vurulub:
“Biz bu məsələ ilə bağlı ölkə başçısına da müraciət etmişik. Bakı şəhəri Abşeronda yerləşdiyi üçün üçtərəfli su ilə əhatəlidir. Bakıya giriş-çıxış birdir və məhdudiyyət var.Tramvay yolunun tikintisi birbaşa dənizə qədər aparıldığı üçün məsələnin üzərində işləmək lazımdır. Artıq xarici şirkətlərə müraciət etmişik, öz mütəxəssislərimiz də sistemli layihə hazırlayır. Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə bir neçə xətt çəkməklə Əhmədliyə, “Nasosnu”ya, Maştağa və Pirallahıya tərəf hərəkəti yüngül formada qatarlar vasitəsilə həyata keçirmək olar. Bu, bizim diqqətimizdədir”.
Hokm.az bildirir ki, nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Cebhe.info-ya açıqlamasında deyib ki, paytaxtın bəzi yolları kifayət qədər dardır və orada tramvay xətlərinin salınması, hansısa bir zolaqda onların istifadəyəsi olduqca çətindir:

“Məsələn, keçmiş Çapayev, indiki Təbriz küçəsi. Vaxtilə bu küçədə çox işlək bir vəziyyətdə saxlanılan tramvay xətləri vardı ki, insanlar da çox rahat şəkildə bu nəqliyyat növündən istifadə edirdi. Bu gün orada tramvay xəttinin inşa edilməsi bir qədər çətindir. Çünki yol infrastrukturu nisbətən məhduddur. Amma başqa iri prospektlər, məsələn, Şərifzadə, Hüseyn Cavid prospekti, Qara Qarayev küçəsi, eləcə də Bakıətrafı qəsəbələrdə bu imkanlar var”.
Ekspertin sözlərinə görə, ötən il yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı qəbul olunub:
“Həmin proqramda 7.1.12 saylı – “Daşımaların nəqliyyat növləri üzrə bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi” bəndində mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin (tramvay və digər nəqliyyat növləri) sayının artırılması, təşkili imkanları, eləcə də iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflərin hazırlanması qeyd olunub. Konkret öhdəlik qoyulub ki, 2019- cu ildən 2023-cü ilə qədər həmin nəqliyyat növlərinin təşkili ilə bağlı konkret təkliflər verilməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əsas icraedici qurumdur. Bu gün aidiyyatı strukturların yaxın iştirakı ilə işçi qrupu fəaliyyət göstərir. Qeyd etdiyim müddət ərzində bu məsələ dəyəndirilməli və konkret təkliflər irəli sürülməlidir. Bu, o deməkdir ki, müvafiq qurumlar artıq işləyir. Təbii ki, yol infrastrukturunun imkanları və potensialları nəzərdən keçirilir. Hələlik işçi qrupunun bununla bağlı ilkin rəyi yoxdur, amma ayrı-ayrı qurumlar, xüsusilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müxtəlif rəsmi bəyanatlarında bu istiqamətdə fikir söyləyir. Hesab edirəm ki, bu ilin sonunda Bakı şəhərində tramvay xətlərinin bərpasının mümkünlüyünü söyləmək tezdir. Buna zaman lazımdır. Çünki İşçi Qrupunun rəyindən çox şey asılıdır. Sərnişindaşımaların nəqliyyat növü üzrə bölüşdürülməsi və ictimai nəqliyyat sektorunun imkanlarının artırılması olduqca vacibdir ki, tramvay da onlardan biridir. Beynəlxalq praktikada geniş tətbiq olunur və kifayət qədər səmərəlidir. İstər Bakıda, istərsə də digər böyük şəhərlərdə tramvay xətlərinin bərpası sərnişinlərin maraqlarına cavab verə biləcək bir hal olacaq”.
Azər Allahverənov illərdir reallaşması çətinləşən Bakının Baş Planında tramvay xətlərinin bərpası ilə bağlı məsələnin yer almasına da münasibət bildirib. O deyib ki, Bakının Baş Planı ilə tam olaraq tanış deyil:
“Amma təxmin edirəm ki, daha çox binaların inşa olunması kimi vacib elementi özündə birləşdirən bir plandır. Həm də burada parklar, yol infrastrukturu nəzərə alınarkən, həmin yolların əgər çoxzolaqlı olması və Bakının müxtəlif ərazilərini bir-birilə əlaqələndirən bir şəbəkəyə malik olması gələcəkdə tramvay xətlərinin istifadəyə məhz həmin yerlərdə verilməsi təxmin edən haldır. Konkret olaraq, Baş Planda hansısa küçədə tramvay xəttinin bərpası ilə bağlı yanaşma yoxdur. Əsas yanaşma yuxarıda qeyd etdiyim İşçi Qrupunun müvafiq qiymətləndirilməsindən sonra verdiyi rəydən formalaşacaq”.
















