Əgər Moskva “xaricdəki təcavüzdən boyun qaçırsa, ABŞ və Avropanın dost tərəfdaşı olsa, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına ehtiyac olmayacaq.
Hokm.az xəbər verir ki, bu haqda məlumatı ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Robert O’Brien “Washington Post” qəzetində dərc edilən bir məqaləsində yazıb.
O’Brien Donald Tramp administrasiyası tərəfindən Rusiyaya tətbiq olunan çoxsaylı sanksiyaları sadalayıb.
“Heç bir prezident (Ronald) Reyqandan sonra Moskvaya bu qədər qətiyyət göstərmədi. Reyqan kimi, Prezident Tramp da Rusiya ilə yeni bir yol axtarır. Bu yolda Rusiya xaricdəki təcavüzdən çəkinməli, ABŞ və Avropa üçün dost tərəfdaş olmalıdır. Belə bir dünya Rusiyaya qarşı sanksiyalara ehtiyac duymaz və ölkələrimiz arasında ticarət çiçəklənər. Ruslar, amerikalılar və bütün dünya belə bir əlaqədən faydalanar” deyə O’Brien bildirib.
Rusiya əvvəllər Qərbin təcavüz ittihamlarını rədd edib.
ABŞ-ın Rusiya ilə potensial əməkdaşlığının istiqamətləri barədə danışan O’Brien önümüzdəki aylarda iki ölkənin terrorla mübarizə mövzusunda bir dialoq aparacığını qeyd edib.
“Həm Rusiya, həm də ABŞ öz torpaqlarında zorakı ekstremizmə məruz qalır. Yaxın aylarda bu mövzularda ABŞ rəsmiləri kəşfiyyat və hüquq-mühafizə orqanlarında çalışan həmkarları ilə əlaqə quracaqlar” deyib.
Bundan əlavə, məsləhətçinin sözlərinə görə, ABŞ bütün nüvə silahlarını məhdudlaşdıran Rusiya və Çinlə razılaşmaya ümid edir.(konkret.az)
















