Trampın məktubu sübutdur: “ABŞ-Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir”backend

Trampın məktubu sübutdur: “ABŞ-Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir”

“Qlobal anti-terror əməliyyatlarında Azərbaycan Amerika ilə birgə qətiyyətli addımlar atmaqla sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməkdədir”
“ABŞ prezidenti Donald Trampın Respublika Günü ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktub iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir”.
Hokm.az bildirir ki, bu sözləri “Sherg.az” a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Deputat bildirib ki, məktub ikili əlaqələrin növbəti əyani təsdiqidir:
“Bu da təsadüfi deyil. Çünki ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Eyni zamanda, diplomatik münasibətlər qurduğumuz ölkələr arasında ABŞ ilk sıralarda dayanır. Azərbaycan ilk diplomatik korpuslarından biri məhz ABŞ-da açılıb. Eyniylə,  keçmiş SSRİ-nin süqutu ilə müstəqillik qazanmış ittifaq respublikaları arasında ABŞ-ın səfirliyini açdığı ölkələr arasında Azərbaycan ön sıralarda olub. Bütövlükdə müstəqlik əldə etdiyimiz 29 il ərzində ABŞ-Azərbaycan münasibətləri hər zaman yüksələn inkişaf xətti üzrə addımlayıb. Cənab Trampın məktubu da bunun növbəti sübutudur. Ümumiyyətlə, rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində onu yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir. Donald Trampın məktubu ölkələrimiz arasında təhlükəsizlik, enerji, regional münaqişələrin dinc yolla həlli və digər sahələrdə möhkəm əməkdaşlığın olmasını bir daha təsdiq edir”.
Parlament üzvü bildirib ki, məktubda ölkələrarası güclü iqtisadi-siyasi dialoqun əməkdaşlığa böyük töhfə verməsinə diqqət çəkilir:
“Respublikamızın ABŞ və dünya dövlətləri üçün etibarlı tərəfdaş olması xüsusi vurğulanır. Azərbaycan Respublikasının çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi yer verir. Ölkələrimiz arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur”.
E.Səlimov vurğulayıb ki, Azərbaycanın Amerika ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib:
“Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritetlərdən olduğundan Azərbaycanın başlatdığı qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur. Ölkəmizin qətiyyətli enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafında təkanverici amilə çevrilib. Bununla yanaşı, ABŞ Minsk qrupunun həmsədri və beynəlxalq münasibətlərin aparıcı qüvvəsi kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılmasında nizamlayıcı rolu və təşəbbüskarlığı ilə fəal mövqeyə malikdir. ABŞ hökumətinin mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində çoxtərəfli beynəlxalq sülh səyləri ilə həll edilməlidir. Bu, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü məsələsində və Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikanın mövqeyini aydın əks etdirir. Eyni zamanda, bu mövqe münaqişənin sülh yolu ilə ədalətli həllinə inamımızı artırır”.
Milli Məclisin üzvü bəyan edib ki, ABŞ-ın bu mövqeyi 32 ildən bu yana zorla cəlb olunduğumuz Ermənistan-Azərbaycan münaqişəsinin həllinə öz müsbət təsirini və töhfəsini verə bilər:
“Bu, bizim arzumuz və gözləntimizdir. Yeri gəlmişkən onu da qeyd edim ki, son illərdə iki ölkə arasında siyasi, ticari-iqtisadi və strateji sahələrlə bərabər, enerji, nəqliyyat, humanitar, mədəni, elm, təhsil, informasiya texnologiyaları kimi sahələrdə də qarşılıqlı əməkdaşlıq davamlı olaraq inkişaf edir. Prezident İlham Əliyevin ABŞ-a səfərləri zamanı apardığı səmərəli danışıqlar və imzalanmış bir sıra mühüm sənədlər ölkələrimiz arasındakı münasibətləri yeni, əsl tərəfdaşlıq səviyyəsinə yüksəldib. Ölkələrimiz arasında əlaqələrin genişlənməsinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi də öz töhfəsini verib. Əməkdaşlığın genişləndirilməsində ABŞ Ticarət Departamentinin rolunu qeyd etmək lazımdır. Bu təşkilat ABŞ şirkətlərinin ölkəmizə investisiya qoyuluşu, sənaye, xüsusilə də neft maşınqayırması sahəsində birgə müəssisələrin yaradılması, əczaçılıq, kənd təsərrüfatı, turizm, İKT, ticarət sahələrində də əlaqələrin inkişafı üçün imkanların səfərbər edilməsində mühüm rol oynayır”.
Deputat qeyd edib ki, ölkələrimiz arasında münasibətlər daha geniş şaxə alaraq regional və beynəlxalq təhlükəsizlik, hərbi əməkdaşlıq məsələlərində də özü qabarıq şəkildə göstərir:
“Azərbaycan terrorizmə qarşı mübarizədə Vaşinqtonla bir koalisiyada iştirak edir, İraqda və Əfqanıstanda antiterror əməliyyatlarında koalisiya qüvvələri ilə bir sıradadır. Xüsusilə də qlobal antiterror əməliyyatlarında Azərbaycan Amerika ilə birgə qətiyyətli addımlar atmaqla sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməkdədir. Bütün bunlar onu göstərir və onu deməyə əsas verir ki, ABŞ-Azərbaycan, Azərbaycan-ABŞ münasibətləri bundan sonra daha da inkişaf edəcək və daha da  dönməz xarakter alacaq. Bundan qazanan isə birmənalı olaraq, dövlətlərimiz və xalqlarımız olacaq”.
  •  (6)
  •  (3)