Toylar bu qaydalarla keçirilə bilər – İşçi qrupunun rəhbəri AÇIQLADIbackend

Toylar bu qaydalarla keçirilə bilər – İşçi qrupunun rəhbəri AÇIQLADI

“Türkiyədə atılan addımlar bir daha onu təsdiq edir ki, biz zamanında öngörərək bu addımları atmışıq”.

Hokm.az xəbər verir ki, bunu milli.az açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev yoluxma sayı artdığı üçün sentyabrın 4-dən Türkiyədə toy, nişan, xınayaxdı s. və bu kimi mərasimlərin müvəqqəti olaraq keçirilməyəcəyi qərarını şərh edərkən deyib.

İşçi qrupunun rəhbəri bildirib ki, Türkiyə hökumətinin qərarı bir daha sübut edir ki, Azərbaycanda tətbiq olunmuş qadağa insanların təhlükəsizliyi baxımından yerində və vaxtında atılan addım idi:

“Bilirik ki, istər-istəməz bu cür kütləvi məclislərdə insanlar arasında ehtiyyatsızlıq, qaydalara riayət etməmək halları daha çox olacaq. Var olan bir infeksiya təmas riski səbəbiylə daha da arta bilərdi. Bu baxımdan Azərbaycanda kütləvi tədbirlərin keçirilməsi qadağası hələ də qüvvədədir. Əslində, qonşu ölkələrdə atılan addımlar bir daha onu göstərir ki, biz zamanında bu tədbirləri həyata keçirmişik və hələ də tədbirlərin qüvvədə qalması ilə əlaqəli olaraq atdığımız addımlar daha da doğruluğundan xəbər verir. İstər toy olsun, istər yas mərasimləri olsun insanlar bir-biri ilə qucaqlaşır, öpüşüb-görüşür.

Yumşaldılmalar zamanla həyata keçirilməlidir

İnsanlarda sual yaranır ki, tədris ocaqları da kütləvi toplaşma məkanları sırasındadı, bəs tədrisə niyə icazə verildi? Toyda içki məclisi olur. İnsanlar daha çox bir-biri ilə təmasda olurlar, daha çox yaxın olurlar. Amma tədris prosesində bu təmas tədbirləri qorunur, ehtiyyat tədbirləri hər zaman qüvvədədir. Çünki maska taxılacaq, ara məsafəsi qorunacaq. Həm də, biz tam təhsilsiz də qala bilmərik. Bir növ koronavirus bizim həyatımızın bir parçasına çevrilir. Daimi olaraq da insanlar təhsilsiz qala bilməzlər. Təbii ki, bu yumşaldılmalar zamanla həyata keçirilməlidir. Məqsəd elə ondan ibarətdir ki, yumşaldılmanın keçirildiyi bir məqamda da ehtiyyat tədbirlərini heç zaman yaddan çıxarmayaq, tədbirlər hər zaman qüvvədə qalsın.

Çox az sayda insanlarla, ara məsafəsi qaydaları ilə toylar keçirilə bilər

Toyların bəlkə də keçirilməsi məsələn, açıq havada zamanla ola bilər. Amma üzü soyuq aylara gedirik. Bəlkə də çox az sayda insanlarla, ara məsafəsi qaydaları ilə toylar keçirilə bilər. Amma hazırda buna qərar verəcək xüsusi qurumlar var. Mövcud sanitar epidemioloji vəziyyətlə əlaqədar olaraq onlar bu barədə qərar verəcəklər. Amma tam təhsilsiz də qala bilmərik. Artıq görün neçə aydır ki, insanlar məktəbə getmir. Düşünürəm ki, yumşaldılmaya gedilsə belə tədbirli olmağa davam etmək lazımdır.

Evlənmək istəyənlər bu dəqiqə toysuz da evlənirlər

İnsanların ailə qurmaması müəyyən demoqrafik, genefond məsələmizə təsir göstərə bilər. Təbii ki, toy da lazımdır. Toyların keçirilməsi çox az adamla da ola bilər. Amma evlənmək istəyənlər bu dəqiqə toysuz da evlənirlər. Toyların keçirilməsinə xüsusi qurumlar qərar verirlər. Bu qərarı vermək həkim olaraq mənim səlahiyyətim daxilində deyil, buna Operativ Qərargah qərar verir. Təbii ki, hamımız toyların keçirilməsinin tərəfdarıyıq. Gələcəkdə artımla əlaqədar olaraq toy da lazımdır, olunmalıdır. Neçə aydır toyunu gözləyənlər var. Bizim əsas məqsədimiz virusun insanlara yoluxmasının qarşısının alınması, insanların xəstəliyə yoluxmamasıdır.

Çox adam xəstə olduğunu gizlədərək toya da gedəcək

Toyların keçirilməsinə qərar verilərsə bizim ilk növbədə diqqət edəcəyimiz məqam insanların ara məsafəsinin qorunması olmalıdır. Yas mərasimləri var ki, xəstə ola-ola ora gediblər, başqa insanları yoluxdurublar. “Xəstə olmağımı bilməkdənsə, getməmək daha ayıbdır. Deyəcək ki, bəhanə edib gəlmir, bu yüz faiz xəstə deyil” düşüncəsi ilə toya da bu cür məsuliyyətsiz insanların getməyəcəyinə heç kim zəmanət verə bilməz. Toy da o vəziyyətdə olacaq, ona görə çox adam xəstə olduğunu gizlədərək toya da gedəcək, başqa insanları da yoluxduracaq. Bu baxımdan mən düşünürəm ki, müəyyən edilmiş bir say müəyyənləşdirilməli və təyin olunmuş müəyyən insan üzərindən insan dəvət edilməməlidir. Yəni, az insan olmalıdır və ara məsafəsi qorunmalıdır”.

  •  (0)
  •  (1)