Toya maska ilə gedəcəyik? – Şadlıq evləri belə hazırlaşırbackend

Toya maska ilə gedəcəyik? – Şadlıq evləri belə hazırlaşır

Toya maska ilə gedəcəyik? – Şadlıq evləri belə hazırlaşır…

Ölkədə karantin rejimi başa çatan kimi fəaliyyətə başlayacaq kütləvi məkanların sırasında şadlıq sarayları da olacaq. Mart ayının 16-dan ölkədə şadlıq evlərinin fəaliyyətini müvəqqəti dayandırması toy sifarişlərinin yığılıb qalmasına gətirib çıxartdı. Məhz buna görə də Bakıdakı şadlıq evlərinin əksəriyyətində iyun ayında, bəzilərində isə hətta iyul ayında da sifarişsiz gün qalmayıb. Görəsən, növbəti iki ay ərzində toyların belə sıxlığı baxımından restoranların zallarında dezinfeksiya işləri aparılacaq?

Hokm.az xəbər verir ki, Lent.az -ın əməkdaşı paytaxtdakı bir neçə məşhur şadlıq sarayı ilə əlaqə saxlayıb. Şadlıq saraylarının əksəriyyətində dezinfeksiya aparılacağı deyilib. Hətta həmsöhbətlərimizdən biri “Təki toylara icazə verilsin, təbii ki, dezinfeksiya olacaq” deyib. Məkanlardan birinin əməkdaşı isə zallarda dezinfeksiya işlərinin artıq başa çatdığını bildirib.

“Şahənşah”, “Oskar”, “Arena”, “Versal Palace” şadlıq evlərində məlumat aldığımız şəxslərin demək olar ki, hamısı iyun ayı üçün bir günün boş qaldığını da söyləyiblər. “Cıdır Düzü” sarayında isə iyun ayında bir yer qaldığı halda iyul ayında, ümumiyyətlə, boş gün qalmadığı qeyd olundu. Bunlardan əlavə, həmsöhbətlərimiz heç bir qiymət artımının olmadığını, əvvəlki qiymət təkliflərinin yerində qaldığını da diqqətə çatdırıblar.

Hər kəsə məlumdur ki, kütləvi tədbirlər virusların yayılması baxımdan çox təhlükəlidir. Maraqlıdır, həmin tədbirlərin keçirildiyi məkanın dezinfeksiya olunmasının virusun yayılmasına hansısa təsiri ola bilərmi?

Lent.az -ın bu sualına cavab verən baş infeksionist Cəlal İsayev bildirib ki, dezinfeksiya virusların yayılmasının qarşısını almır:

“Gələn ayın 1-dən artıq toyların başlayacağı deyilir. Amma məsləhət görürəm ki, şadlıq evlərinin fəaliyyəti 1 ay da təxirə salınsın. Çünki kimin virus daşıyıcısı olduğu bilinmir. Təbii ki, kimsə toya maska taxıb gəlməyəcək, yaxud 2 metr məsafə saxlamayacaq. Toyda bunlar mümkün deyil. Təəssüf ki, zalların dezinfeksiya olunması da virusun yayılmasının qarşısını ala bilməz. Ona görə ki, insanlar koronavirusa hava vasitəsilə də yoluxa bilir. Hələ qarşıda 20 günə yaxın vaxtımız var. Dua edək ki, virusdan tam qurtulaq və cütlüklərin də toy mərasimləri baş tutsun”.

  •  (0)
  •  (2)