Tovuz Peşə Liseyində hərbi-idman oyunları keçirilib – FOTOLARbackend

Tovuz Peşə Liseyində hərbi-idman oyunları keçirilib – FOTOLAR

Tovuz Peşə Liseyində Heydər Əliyevin anadan olmasının 99-cu illiyinə həsr olunmuş təntənli hərbi-idman oyunları keçirilib.

Anons.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himni ilə başlanan tədbir müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəis müavini Mustafa Mustafayev, Rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri üzrə nümayəndəsi Yaşar İbrahimov, Yeni Azərbaycan Partiyasının Tovuz rayon Təşkilatının sədr müavini İlqar Kərimov, Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, ehtiyatda olan zabit və qazilər, Tovuz rayon Təhsil Şöbəsinin hərbi metodisti və çağırışaqədərki hazırlıq rəhbərləri, Vətən Müharibəsi qaziləri və digər qonaqlar iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Tovuz Peşə Liseyinin direktor əvəzi Nicat Göyüşov dəvəti qəbul edib gələn qonaqlara minnətdarlıq ifadə edib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi və misilsiz xidmətlərindən danışıb. Nicat Göyüşov, Tovuz Peşə Liseyinin təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan, gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə xidmət edən bu yarışmanın hazırlanmasında əməyi keçən müəllim və tələbə kontingentinə də təşəkkür edib.

Daha sonra hədəfə qumbara atma, çökərək və ayaq üstə atıcılıq, jim (otjimaniya), dartınma, estafet qaçış hərbi və idman növləri üzrə tələbələr arasında yarışların keçirilməsinə başlanılıb.

Onu da qeyd edək ki, yarışan tələbələr müxtəlif komandaları təmsil edirdilər ki, həmin komandalar da torpaqlarımızın ərazi bütövlüyü uğurunda canından keçmiş Tovuz Peşə Liseyinin 6 nəfər Şəhid məzununun – Şəhid İbrahimov Firdovsi Nurəddin oğlu, Şəhid Ələkbərov Muraz Məzahir oğlu, Şəhid Əsgərov Kamran Bayram oğlu, Şəhid Məmmədov Elşad Dönməz oğlu, Şəhid Şirinov Elmar Cəbrayıl oğlu, Şəhid Əhmədov Elmar Elşən oğlunun adlarını daşıyırdı.

Yarışlar başa çatdıqdan sonra çıxış edən Tovuz rayon Gənclər İdman İdarəsinin rəisi Sahib Ələsgərov tədbirin yüksək səviyyədə təşkil edilməsinə görə əməyi keçən hər kəsə təşəkkür edib. O, Azərbaycançılıq məfkurəsinin banisi, müasir Azərbaycan dövlətinin memarı ümummili lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib.

Çıxış edən digər qonaqlar, idarə və müəssisələrin rəhbərləri də mövzu ilə bağlı öz fikirlərini bölüşüb.

Daha sonra yarışmalarda aktiv iştirak edən tələbə gənclər, onların hərbi və fiziki hazırlığı ilə məşğul olan müəllimlər təltif ediliblər.

Sonda xatirə şəkillləri çəkilib.

  •  (0)
  •  (0)