Son dövrlər Nazirlər Kabinetinin fəaliyyətində ciddi dəyişikliklər edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bazasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılıb. Səhiyyə naziri Oqtay Şirəliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə vəzifələrindən uzaqlşadırılıb, Gənclər və İdman naziri Azad Rəhimov isə vəfat edib. Rəşad Nəbiyev Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Anar Kərimov isə Mədəniyyət naziri vəzifələrinə təyinat alıb. Səhiyyə nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq nazirin birinci müavini Teymur Musayevə həvalə edilib.
Qeyd edək ki, Nazirlər kabinetinin tərkibinə Baş nazir, Baş nazirin birinci müavini, Baş nazirin iki müavini, 17 nazir və 14 digər Mərkəzi İcra Hakimiyyəti orqanının rəhbəri daxildir. Nazirlər Kabinetinin fəaliyyətində həyata keçirilən son yenilənmələr zamanı daha çox yeni kadrlara üstünlük verilib. Onların buna qədər olan fəaliyyətləri barədə isə ictimaiyyət səhih məlumatlara malik deyil. Eyni zamanda “Yüksəliş” müsabiqəsində qalib gələn kadrların əsas mentorları nazirlər müəyyən edilib. Bu isə öz növbəsində onların karyera uğurları ilə bağlı mövzulara ictimai marağı artırıb.
Hokm.az ölkədə müxtəlif sahələrin idarə edilməsinə rəhbərlik edən nazirlərin ilk iş yerləri ilə bağlı araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov əmək fəaliyyətinə laborant kimi başlayıb. Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi fəaliyyətə qədəm qoyan gələcək Baş nazir oradan yolunu Bakı Sosial İdarəetmə və Politologiya İnstitutundan (Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası) salıb. Burada dosent, kafedra müdiri işləyib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı, sonradan Prezident Adminstrasiyası rəhbərinin müavini, Prezident Adminstrasiyasının şöbə müdiri, Prezidentin köməkçisi vəzifələrində çalışıb.
Baş nazirin birinci müavini Yaqub Eyyubov əmək fəaliyyətinə tornaçı kimi başlayıb. Ardınca komsomol katibi kimi fəaliyyətini davam etdirib. Azərbaycan Mühəndis-İnşaat İnstitutunda (Azərbaycan Memarlıq İnşaat Universiteti) baş müəllim, dekan müavini, dosent, kafedra müdiri, dekan, elmi işlər üzrə prorektor işləyib. Son təyinata qədər Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri, Baş nazirin müavini vəzifələrində çalışıb.
Baş nazirin müavini Əli Əhmədovin ilk iş yeri Baş Arxivlər İdarəsinin baş elmi işçisi vəzifəsi olub. Daha sonra Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. Bakı Dövlət Universitetində (BDU) laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləyib. Son təyinata qədər isə Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini, Xətai rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi vəzifələrində çalışıb. Hazırda YAP sədrinin müavinidir.
Daxili İşlər naziri Vilayət Eyvazov əmək fəaliyyətinə polis nəfəri kimi başlayıb. Ardınca cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib. Son təyinata qədər Daxili İşlər nazirinin birinci müavini olub. General-polkovnikdir.
Müdafiə naziri Zakir Həsənov sıravi hərbçi kimi əmək fəaliyyətinə başlasa da, daha sonra yolunu Milli Təhlükəsizlik Nazirliyindən salıb. Bu nazirliyin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib, Xidmətin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib. Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı postunu daşıyıb. General-polkovnikdir.
Ədliyyə naziri Fikrət Məmmədovun ilk iş yeri rayon prokurorunun köməkçisi vəzifəsi olub. Ardınca Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, nazir təyin olunan qədər isə Baş prokurorun müavini olub.
Fövəladə Hallar naziri Kəmaləddin Heydərov “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində texnik və geoloq kimi əmək fəaliyyətinə başlayıb. Orta Asiya ölkələrində sahibkarlıq fəaliyyətilə məşğul olub. Uzun müddət Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini daşıyıb. Kamal təxəllüsü ilə bir çox məşhur müğənnilərin mahnılarına bəstələr yazıb.
Xarici İşlər naziri Ceyhun Bayramov Vergilər Nazirliyində əmək fəaliyyətinə başlayıb. Daha sonra “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, “OMNİ” hüquq şirkətinin direktoru olub. Son təyinata qədər Təhsil Nazirliyi aparatının rəhbəri, Təhsil nazirinin müavini, Təhsil naziri vəzifələrində çalışıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin ilk iş yeri Prezident Aminstrasiyasında olub. Cəmi 20 yaşında Adminstrasiyanın İnformasiya resursları və texnologiyaları mərkəzində çalışıb. Bundan sonra Xarici əlaqələr şöbəsinə transfer edilib. Mərkəzi Bankın Bazar əməliyyatları departamentində məsul şəxs, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri, “Azərkosmos” ASC-nin sədri olub.
Təhsil naziri Emin Əmrullayev əmək fəaliyyətinə “Qafqaz” Universiteti Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi başlayıb. “Kaspi” təhsil şirkətində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Diplomatik Akademiyasında (indiki ADA Universiteti) Enerji və Ətraf Mühit Mərkəzinin icraçı direktoru, “Kaspi” təhsil şirkətində direktor müavini, Təhsil Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri, Təhsil İnsitununun direktoru vəzifələrində işləyib.
Mədəniyyət naziri Anar Kərimov iş fəaliyyətinə Xarici İşlər Nazirliyində başlayıb. Bu nazirlikdə insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib, Azərbaycanın Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi, Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katibi, Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi, Mədəniyyət nazirinin birinci müavini vəzifələrini daşıyıb.
Gənclər və İdman naziri Fərid Qayıbov “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında anbardar işləyib. Sürətli karyera yolu keçən gələcək nazir həmin idarədə iqtisadçı, Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri, Federasiyanın Baş meneceri, Baş katibi, Avropa Gimnastika İttifaqının prezidenti vəzifələrində işləyib.
Müdafiə Sənayesi naziri Mədət Quliyevin Gəncədə Dinamo İdman Cəmiyyətində təlimatçısı olaraq fəaliyyətə başlayıb. Daha sonra polis orqanlarında xidmətə başlayıb. Nazirliyin Terrorizm və Banditizmlə mübarizə şöbəsinin rəisi, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, Baş Mühafizə İdarəsinin rəisi, ədliyyə nazirinin müavini, eyni zamanda da Penitensiar Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb.
Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Prezident Administrasiyasında məsləhətçi kimi fəaliyyətə başlayıb. Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində çalışan gələcək nazir daha sonra Baş məsləhətçi və Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub. 2012- 2018-ci illərdə Asan Xidmətin sədri postunu tutub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək fəaliyyətinə SOCAR-dan başlayıb. ARDNŞ-də Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi, daha sonra rəisi vəzifələrini tutub. Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib və Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi işləyib. Son təyinata qədər “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bank sektorundan əmək fəaliyyətinə başlayıb. “Bank Standart”da İdarə Heyəti sədrinin müavini olub. Ardınca özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. İqtisadi İnkişaf nazirinin müşaviri, nazir müavini, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi, Təhsil və Vergilər naziri postlarını tutub.
Maliyyə naziri Samir Şərifov diplomatik sahədə əmək fəaliyyətinə başlayıb. SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası) iqtisadçı, Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini, Mərkəzi Bankda departament direktoru, baş direktor, Dövlət Neft Fondunun İcraçı Direktoru vəzifələrində çalışıb.
Energetika naziri Pərviz Şahbazovun da ilk iş yeri diplomatiya sahəsi olub. Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, Xarici İşlər Nazirliyində ikinci katib,birinci katib, Azərbaycanın Avstriyadakı səfirliyində müşavir, ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri, Azərbaycanın Almaniyada səfiri olub.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində əmək fəaliyyətinə başlayıb. Xarici İqtisadi Əlaqələr Nazirliyində Baş mütəxəssis, SOCAR-ın Xarici İqtisadi Əlaqələr, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində şöbə müdiri, ARDNŞ-in Ekologiya üzrə vitse-prezidenti, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri işləyib. Milli Məclisin deputatı olub.
Səhiyyə nazirinin səlahiyyətlərini icra edən, nazirin birinci müavini Teymur Musayev həkim-uroloq kimi fəaliyyətə başlayıb. Bakı şəhəri 16 saylı poliklinikada sahə həkimi, “Pharm İsrail” klinikasının Bakı filialının tibbi direktoru, N.Tusi adına Klinika, “Baku City” klinikalarında uroloq, “Baku Dobromed Hospital” özəl tibb mərkəzinin tibbi direktoru olub. 2016-2019-cu illərdə “Chenot Palace Gabala” kurortoloji mərkəzin tibbi direktoru vəzifəsini daşıyıb. Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
Mikayıl Mirzəzadə
Hokm.az