Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə rəsmi səfəri başlayıb.
Hokm.az Türkiyə mediasına istinadla xəbər verir ki, Qazaxıstan Prezidentini Ankaranın “Esenboğa” hava limanında Türkiyənin vitse-prezidenti Fuat Oktay və digər rəsmi şəxslər qarşılayıb.
Tokayev səfər çərçivəsində Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq. Danışıqlardan sonra iki ölkə arasında bir sıra saziş və protokolların imzalanması planlaşdırılır.
Qeyd edək ki, bu, Tokayevin Prezident olaraq fəaliyyətə başlamasından bu yana Türkiyəyə ilk səfəri olacaq. Səfər Ərdoğanın dəvəti əsasında baş tutacaq.