“Tiktok”da avtoşluq yarışı – Azneftdə qırmızıdan keçib, “protiv”ə girənlər… – FOTObackend

“Tiktok”da avtoşluq yarışı – Azneftdə qırmızıdan keçib, “protiv”ə girənlər… – FOTO

Son vaxtlar sosial şəbəkələrdə, xüsusən də, tik tok-da yol hərəkəti qaydalarını qəsdən pozarkən çəkilən videoların sayı artmaqdadır. Bu şəxslər əks zolağa çıxmağı, qırmızı işıqda keçməyi mobil telefonla lentə alaraq tik-tok-a yükləyib, fəxrlə paylaşırlar. Hətta, bəziləri bu videoları “ştrafnoy” ( cərimə meydançası ) bizimçün ikinci “stayanka”dır ( dayanacaq ) mahnısının sədaları altında çəkib, baxış toplamağa çalışırlar.

Bəziləri öz “avtoşluq” videolarını gecə saatlarında boş yollarda, boş ərazilərdə çəksələr də, “Tik Tok”da paylaşılan görüntülərin çoxu Bakının mərkəzində, gündüz saatlarında lentə alınır. Hətta, bəzən bu “challenge”ə sayrışan işıqlar və səs siqnalından istifadə edən ambulans sürücüləri də qoşulur.

“My life my rules” ( mənim həyatım mənim qaydalarım ) prinsipi ilə yaşayan bu gənclər yol hərəkəti qaydalarını pozaraq özlərinin və başqalarının həyatı üçün ciddi təhlükə yaradırlar. Bir-biri ilə bu tipdə videolar paylaşmaqda yarışan belə tiktokerlər qadağaları heçə sayaraq yol qəzalarına səbəb olurlar.

Ekspertlərin fikrincə qəzaların çoxu yolayrıclarında baş verir. Qırmızı işıqdan keçmək, sola dönən sürücünün digərlərinə yol verməməsi yolayrıclarında baş verən qəzaların əsas səbəblərindəndir. Bundan əlavə, sürücülərin diqqətsizliyi, mobil telefondan istifadə, nəqliyyat vasitəsinin nasazlığı, ötmə əməliyyatınən düzgün aparılmaması, əlverişsiz hava şəraiti də yol qəzalarının baş verməsinə gətirib çıxarır. Əks yola çıxaraq qayda pozmaq da əsasən ağır qəzalarla nəticələnir. Çünki, öz zolağına avtomobil çıxmayacağını düşünən sürücü  sürətlə hərəkət edərkən onun yoluna çıxan maşınla toqquşur və bədbəxt hadisə baş verir. Hətta, bir neçə gün əvvəl Bakıda əks yola çıxan “VAZ2107” motosikletçini vurub, ağır bədən xəsarəti yetirmişdi.

Qaydaları pozmaq, avtomobili ikitəkərə qaldırmaq, avtoşluq və drift etmək adrenalin dolu, zövqlü ola bilər. Amma, bunu piyadaların, digər maşınların olduğu ərazilərdə, dar küçələrdə həyata keçirmək əsasən zövqdən daha çox faciə ilə nəticələnir. Təxminən bir neçə ay əvvəl Gəncədə yeniyetmənin “Niva”sı ilə avtoşluq edərkən hasara çırpılaraq ölməsi və buna bənzər digər dəhşətli hadisələr bunu deməyə əsas verir

Sükan arxasında əyləşən hər bir şəxs başa düşməlidir ki, həyatla ölüm arasında incə xətt var və təəssüf ki, insan bunu yüngül də olsa qəzaya düşmədən anlamır. Buna görə də yollarda maksimum diqqətli olmalı, qaydaları pozmamağa çalışmalı, özümüzü həm də məsuliyyətsiz sürücülərdən qorumalıyıq. Çünki qəza yüngül olsa belə, nəticələri ağır olur…Milli.az

  •  (0)
  •  (0)