Telekanallarımız xalqa ağır zərbə vurur – Millət vəkilindən sərt açıqlamabackend

Telekanallarımız xalqa ağır zərbə vurur – Millət vəkilindən sərt açıqlama

“Bu gün Azərbaycanın bir sıra televiziya kanallarında yayımlanan verilişlər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına deyil, həmin dəyərlərin məhvinə xidmət edir”.
 
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bir sıra Azərbaycan kanallarında ailə dəyərlərinə mənfi təsir göstərəcək verilişlər var:
“Əsasən, günün ikinci hissəsində olan verilişlərdə bunu görürük. Bəzən Azərbaycan qadını, bəzən isə kişisi alçaldılır. Ümumilikdə, ailəyə mənfi təsir göstərən proseslərin getdiyinin şahidi oluruq. Hesab edirəm ki, bu məsələlərdə vətəndaş mövqeyi olmalıdır. Televiziyalar efiri doldurmaq naminə belə verilişlər təşkil etməməlidirlər”.
Millət vəkili qeyd edib ki, ailə dramının ekranlara gətirilərək təqdim olunması birmənalı olaraq qəbuledilməzdir:
“Azərbaycan kişisini və ya qadınını ekran qarşısında alçaltmaq nəyə xidmət edir? Ola bilər ki, onlar həyatlarının hansısa mərhələsində səhvə yol veriblər. Biz onu mütləq ictimailəşdirib müzakirə obyektinə çevirməliyik?
Yeri gəlmişkən, başqa bir sualı da ünvanlayıram. Bu gün neçə televiziya kanalında elmi verilişlərə yer verilir? Bu gün ümumiyyətlə, bəzi istisnaları çıxmaqla televiziyalarımız nə dərəcədə öz proqramlarında ziyalılara yer ayırırlar? Bu gün Azərbaycan televiziyalarında həm də ziyalı sözünə ehtiyac var. Televiziya kanallarına sual verəndə cavab o olur ki, biz reklam gətirən verilişlərə üstünlük veririk. Belə çıxır ki, reklamlardan əldə edilən gəlirə görə dəyərlərimizin məhvinə göz yummalıyıq? Hesab edirəm hər bir yaxşı məhsulun alıcısı olduğu kimi, yaxşı verilişlərin də tamaşaçısı mütləq olacaq. Kütlə televiziyaları deyil, televiziyalar kütləni idarə etməlidir. Dünyanın hər yerində belədir. Biz tamaşaçıya nə versək, onu da alacağıq. Bu barədə ciddi düşünməliyik”.
C.Məmmədov milli-mənəvi dəyərlərin dövlət səviyyəsinə qorunduğuna diqqət çəkib: “Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə milli-mənəvi dəyərlərimizn qorunmasının vacibliyini vurğulayıblar. Təkcə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyevin konseptual çıxışı özündə milli-mənəvi dəyərlərimizlə bağlı bir çox vacib məqamları tam əks etdirir. Həmin çıxış həm də konsepsiya xarakteri daşıyır. Birinci vitse-prezident Mehriban Əliyeva da rəhbərlik etdiyi Fondun xətti ilə mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində bir çox mühüm tədbirlər həyata keçirir. Ölkə rəhbərliyinin dəyərlərimizə münasibəti və dəstəyi gün işığı kimi aydındır. Bəs sizin məqsədiniz nədir? Siz nəyə nail olmaq istəyirsiniz?”.
  •  (0)
  •  (0)