Təhsil Nazirliyi TƏBİB-in yolu ilə gedirbackend

Təhsil Nazirliyi TƏBİB-in yolu ilə gedir

İradə Cavadova: “Universitetlərin qarşısında kütləvi izdihamların yaranması Təhsil Nazirliyinin səriştəsizliyinin göstəricisidir”

İlk dəfə 2019-cu ildə Çində, Vuhan əyalətində insanlar arasında yayılan və bütün dünyanı cənginə alan koronavirus infeksiyası iki ilə yaxındır ki, bəşəriyyətin qorxulu kabusuna çevrilib. Bu günə qədər Azərbaycanda 500 minə yaxın insan bu virusa yoluxub. Bu sadəcə rəsmi statistikadır və yoluxanların sayının daha çox olduğunu ehtimal etmək olar.

Hazırda ölkəmizdə 20 mindən artıq aktiv xəstə var və 6500-ə yaxın azərbaycanlı bu bəlanın qurbanı olub.  Son günlər yoluxma dinamikasında azalma müşahidə olunsa da, son həftələrə qədər yoluxma pik həddə çatmışdı. Qabaqlar bu xəstəlikdən daha çox yaşlı və yanaşı xəstəliyi olan adamlar əziyyət çəkirdisə, “Delta” ştammı sağlam və gənc insanları da öz qurbanına çevirir.

Koronavirus pandemiyası digər problemləri ilə yanaşı, bəzi dövlət qurumlarının fəaliyyətsiz olması faktını da gündəmə gətirdi. Xüsusən yeni yaradılan TƏBİB-in (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs) və Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyəti ortaya çıxdı. Nəticədə hər iki qurumun rəhbərləri – Ramin Bayramlı və Oqtay Şirəliyev yola salındılar.

Son dövrlər əhalinin kütləvi şəkildə peyvəndlənməsi və vaksinasiyaya təşviq edilməsi fonunda Operativ Qərargah əksər məhdudiyyətləri aradan qaldırdı. Nəticədə sentyabr ayının 22-dən orta məktəblərin ibtidai siniflərində, 29-dan isə bütün təhsil müəssisələrində ənənəvi tədrisin başlanmasına qərar verildi. Qeyd edək ki, oktyabr ayının 1-dən məktəbəqədər hazırlıq qruplarında da tədrisə start veriləcək.

Lakin nə qədər qəribə olsa da, ali məktəblərin, kolleclərin qarşısında böyük növbələr yaranır. Buna səbəb isə adıçəkilən tədris müəssisələrində COVİD pasportunun tələb edilməsidir. Doğrudanmı Təhsil Nazirliyi alternativ mexanizm tapa bilmədi və virusun tüğyan etdiyi hazırki şəraitdə çıxış yolunu izdihamlar yaratmaqda gördü? Görəsən TƏBİB-in taleyindən nazirlik rəsmiləri örnək götürməyibmi?


Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova Hokm.az-a deyib ki, baş verənlər Təhsil Nazirliyinin səriştəsizliyinin göstəricisidir: “Tədris müəssisələrinə, o cümlədən digər qapalı məkanlara COVİD-19 pasportu ilə əhalinin buraxılması, peyvənd sertifikatının tələb olunması ona görədir ki, yoluxma sayı artmasın. Bu gün Azərbaycanda ominlərlə, bəlkə də, yüzminlərlə tələbə var. Hər universitetdə azı 3-4 min tələbə təhsil alır. Onları növbəyə düzərək izdiham yaratmaq biabırçılıqdır. Əgər insanları bir yerə yığmaq yoluxmanı artırmırsa, o halda COVİD-19 pasportunun tələb olunması nəyə görədir? Görünən odur ki, Təhsil Nazirliyi çox səriştəsiz siyasət yürüdür. Əvvəlcədən şagirdlərin elektron qeydiyyatı aparılmalı, ona müvafiq olaraq universitetlərə tələbələrin girişi təmin edilməli idi. Yaxud tədris növbəlilik əsasında təşikl edilməli idi”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu yolla milyonlarla insanın həyatını təhlükəyə atırlar: “Demək olar ki, hər bir evdə tələbə və şagirdlər var. Onlar kütləvi şəkildə yoluxarlarsa, bu hansı fəsadlara gətirib çıxaracaq? Heç düşünürlərmi bunu? Təcili olaraq bu kimi hallara son qoyulmalıdır” deyə İradə Cavadova fikrini yekunlaşdırır.
Mikayıl Mirzəzadə
Hokm.az

  •  (2)
  •  (0)