Tanınmış ekspertlər reytinqləri sıfır olan universitetlərimizdən danışdılarbackend

Tanınmış ekspertlər reytinqləri sıfır olan universitetlərimizdən danışdılar

Rövşən Novruzoğlu: “Mən başa düşmürəm, hansı saytı açırsan, bəh-bəhlə rektor Ədalət Muradovun xaricdən aldığı sertifikatlardan yazırlar, amma universitetinin adı heç yerdə çəkilmir…”

Xəbər verdiyimiz kimi, avqustun 16-da Şanxay Reytinq Konsultasiya şirkəti “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ni açıqladı. 2003-cü ildən bəri bu reytinq şəffaf metodologiya və obyektiv üçüncü tərəfin məlumatına əsasən dünyanın aparıcı 500 universitetinin adını təqdim edir. Bu, dünyada etibarlı reytinq sayılır. Bu ilsə dünyanın ən yaxşı 1000 universitetinin adı açıqlanıb.

Artıq 17 ildir Harvard Universiteti reytinqdə birinciliyi saxlayır. Stenford Universiteti və Kembric Universiteti uyğun olaraq 2 və 3-cü yerdədirlər. İlk onluğa daxil olan digər universitetlər Massaçusets Texnologiya İnstitutu (MIT), Berkli, Prinston, Oksford, Kolumbiya, Kaltek və Çikaqodur. Avropa qitəsində Sürix Universiteti (19) ən yaxşı universitet sayılır. Ondan sonra Kopenhagen Universiteti (26) gəlir. Asiyada isə Tokio Universiteti (25) və Kyoto Universiteti (32) liderliyi saxlayır. Tsinxua Universiteti (43) Asiya universitetləri içində üçüncüdür. Melburn Universiteti (41) Okeaniyada liderdir. Moskva Dövlət Universiteti dünya reytinqində 87-cidir.

Tehran Universiteti 301-400-cü, Təbriz Universiteti isə 901-1000-ci pillələr arasındadır.

Rövşən Novruzoğlu: “Mən başa düşmürəm, hansı saytı açırsan, bəh-bəhlə rektor Ədalət Muradovun xaricdən aldığı sertifikatlardan yazırlar, amma universitetinin adı heç yerdə çəkilmir…”

Tanınmış politoloq, professor Rövşən Novruzoğlu “Təzadlar”ın bu məzmunlu sualına olduqca sərt cavab verəsi oldu:

– Bu günlərdə Dövlət Statistika Komitəsinin rəsmi hesabatını oxudum, Azərbaycanda ötən il 730 nəfərə alim adı verilib. Dəhşətə gəldim. Bu alimliyi vaxtilə jurnalistlərə verilən 2Qızıl qələm”, nə bilim hansısa media mükafatının diplomlarına döndəriblər. Utanıram… Hanı bu alimlərin ixtiraları, elmi nailiyyətləri? Hansını qurdalayırsan, doktorluğu saxta, professorluğu şübhəli, dissertasiyası yoxa çıxıb… Adını sizlər bilirsiniz, AMEA-nın müxbir üzvlərindən biri var, həm də deputatdır, namizədlik dissertasiyası tapılmır, heç bir yerdə yoxdur. Belə də alimlik olur? Bir elmi-kütləvi məqaləsi çıxmayan fəlsəfə doktorudur, elmlər doktorudur. Bu vətəni ələ salırlar… Bu il Şanxay Reytinq Konsultasiya şirkəti “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ni açıqladı. 1000 universitetin adı bu siyahıda yer aldı. Bəs bizim bu islahatçı rektorlarımızın rəhbəri olduqları universitetlərin bircəciyinin adı niyə o siyahıda yoxdur? Dəhşətli hal budur ki, bizim bu universitetlərin gözə kül üfürən rektorları bəyan edirlər ki, Avropanın filan universiteti ilə ikili diplomlar mübadiləsi barədə müqavilə bağlamışıq. Yəni, guya buradakı universiteti bitirənlərin diplomları xaricdə də tanınacaq. Harda, necə? Misal göstərsinlər ki, məsələn, Azərbaycan Dövlət Universitetini bitirən filan məzunun diplomu Fransanın hansısa şirkətində, nazirliyində qəbul edilib. Yoxdur, şəxsən mən rast gəlməmişəm. Xaricdə özünə karyera quran məzunlarımızın hamısı əvvəldən xaricə köç edib minbir əziyyətlə savadlanan gənclərdir. Bu ilki o siyahıda heç bir universitetimizin adına rast gəlinmir. Niyə? Bəs islahatlar adı altında dağıdılan pullar hara gedir? Təhsil Nazirliyi buna görə hansı məsuliyyəti daşıyır??? Mən başa düşmürəm, hansı saytı açırsan, bəh-bəhlə rektor Ədalət Muradovun xaricdən aldığı sertifikatlardan yazırlar, amma universitetinin adı heç yerdə çəkilmir. Ay nə bilim, guya universitetin adı hansısa beynəlxalq təşkilatın siyahısındadır, nə bilim nədir… Onlar nə təşkilatlardır? Qoy onda Azərbaycan Dövlət İqtisad Universitetinin adını da “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ndə görsünlər. Edə biləcəklərimi? Hansı uğurlara, hansı texniki-elmi bazaya görə???

“Bizim universitetlərmüasir dövrün tendensiyalarından kənarda qalırlar”

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünya universitetlərinin yeni reytinq siyahısında Azərbaycandan heç bir ali məktəbin yer almamasına münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib. Şanxay Reytinq Konsultasiya şirkəti bir neçə gün əvvəl “Dünya Universitetlərinin 2019 Akademik Reytinqi”ni açıqlayıb. 2003-cü ildən bəri şəffaf metodologiya və obyektiv üçüncü tərəflərin məlumatları əsasında, hər il dünyanın ən yaxşı 500 universitetini təqdim edən şirkət bu il reytinq siyahısına 1000 universitetin adını daxil edib. Açıqlanan siyahıya bu sahədə liderliyini 17 ildir əldən verməyən Harvard Universiteti başçılıq edir. Stanford Universiteti ilə Kembric Universiteti isə siyahıda 2-ci və 3-cü yerləri tutublar.

Acınacaqlı haldır ki, Türkiyənin İstanbul, İranın Tehran və Təbriz universitetlərinin yer aldığı siyahıda Azərbaycanın heç bir ali təhsil müəssisəsinin adı yoxdur. Azərbaycan universitetlərinin bu arzuedilməz ənənəni davam etdirərək, dünya reytinq sıralamalarından kənarda qalmasının səbəblərini Yenicag.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bunu “biabırçılıq” adlandırıb: “Çox təəssüf ki, əksər rektorlar rəhbərlik etdikləri universitetlərin beynəlxalq miqyasda tanınmasında maraqlı deyil. Əgər universitetlər dövlət büdcəsindən maliyyələşməyib, öz gəlirləri hesabına dolansa, gələcəkdə nüfuz qazana bilərlər. Qeyd etdiyim kimi, dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqini hazırlayarkən, bir neçə meyarı – akademik aləmdən olan ekspertlərin rəyini, professor-müəllim heyəti ilə tələbələrin sayı arasındakı nisbəti, işəgötürənlərin reputasiyasını, sitat gətirilmə indeksini, həmçinin xarici müəllim və tələbələrin iştirak payını əsas götürürlər. Artıq müasir dövrün ali məktəbi, çağdaş universitet tendensiyası, yeni çağırışlar olduqca fərqlidir. Dünyanın əksər universitetləri özləri pul qazanaraq, böyük büdcəyə malik olurlar. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalır. Bu çatışmazlıqları aradan qaldırmaq üçün ali təhsil pilləsində ciddi islahatlar həyata keçirilməli, müasir təhsilin tələblərini bilən, qlobal trendləri müntəzəm izləyən kadrlar idarəetməyə cəlb olunmalıdırlar”.

***

Beləcə, Azərbaycanın Təhsil Nazirliyi ali məktəblərimizin reytinqi barədə ciddi düşünməlidir. Çünki Ali təhsil ocaqlarının reytinqi həm də Azərbaycan elminin reytinqi deməkdir…

Hokm.az
  •  (0)
  •  (0)