9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edən namizədlərin təbliğat-təşviqat kampaniyası başlamışdır.
85 saylı Şamaxı seçki dairəsi üzrə deputatlığa namizədlərdən biri də Azərbaycan Dillər Universitetinin prorektoru, dosent Tamam Şaməmməd qızı Cəfərovadır.
Qeyd edək ki, Tamam Şaməmməd qızı Cəfərova 5 aprel 1959-cu ildə Bakı şəhərində anadan olub. Əslən Şamaxıdandır. 1976-cı ildə Bakı şəhəri 180 saylı orta məktəbini qızıl medalla bitirib. Həmin il ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən gənclərin Azərbaycandan kənarda təhsili proqramı çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1981-ci ildə universiteti bitirərək Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Sov.İKP tarixi kafedrasında müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1987-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) aspiranturasında təhsil alıb, 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. 2007-ci ilin fevral ayına qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Siyasi tarix”, 2007-2019-cu illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedralarında dosent vəzifəsində çalışıb. 2019-cu ilin mart ayından Azərbaycan Dillər Universitetinin “Sosial məsələlər və ictimaiyyətlə əlaqələr” üzrə prorektoru, eyni zamanda həmin universitetin “Beynəlxalq münasibətlər” kafedrasının dosentidir. Çoxsaylı elmi məqalələrin müəllifidir. 2019-cu ilin oktyabr ayında Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətlərinə görə Tamam Cəfərova Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2006-2016-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olub.
Elmi və pedaqoji fəaliyyətlə yanaşı Tamam Cəfərova ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. O, 2000-2005-ci illərdə Milli Qeyri-hökumət Təşkilatları Forumunun vitse-prezidenti, 2003-cü ildə prezident seçkiləri ərəfəsində yaradılmış “Yeni Azərbaycan Naminə” ictimai hərəkatının həmtəsisçisi olub. 2000-ci ildən “Universitet Təhsilli Qadınlar” İctimai Birliyinin təsisçisi və hazırkı dövürədək sədridir. 2001-ci ildən BMT Qadın İnkişaf Fondunun (UNIFEM) Azərbaycandakı Qadın Koalisiyasının (Koalisiya 1325) həmtəsisçisi, Cənubi Qafqaz Qadın Koalisiyasının üzvü, 2005-ci ildən Azərbaycan Qadınlarının Milli Konfederasiyasının həmtəsisçisi və həmsədridir. Qadınların hüquqi maariflənməsi sahəsində həyata keçirilmiş çoxsaylı layihələrin rəhbəri, yerli və beynəlxalq təlim və konfransların iştirakçısı olub.
Gender problemləri və konfliktologiya üzrə ekspert və regional statuslu təlimçidir. 2004-cü ildə ABŞ-ın Konsensus Quruculuğu İnstitutunun “Konfliktologiya və danışıqaparma bacarıqları” adlı kursunu bitirib. Bitərəfdir. Subaydır, 2 övladı, 1 nəvəsi var.
#9fevral #növbədənkənarparlamentseçkiləri #Şamaxı #TamamCəfərova #İslahatlaraSəsVer #HərŞeySizinÜçün
















