Tamam Cəfərova: AŞPA-nın əsas hədəflərindən biri Azərbaycanı ləkələməkdirbackend

Tamam Cəfərova: AŞPA-nın əsas hədəflərindən biri Azərbaycanı ləkələməkdir

AŞPA kimi qurumların ikilistandartları, Azərbaycanla bağlı gülünc, saxta və qərəzli bəyanatları, anti-Azərbaycan addımları həmişə fiaskoya uğrayacaq, Azərbaycanın artmaqda olan beynəlxalq nüfuzuna xələl gətirə bilməyəcək. Dövlətimiz xarici anti-Azərbaycan dairələrinin fəaliyyətlərinə ən yüksək səviyyədə reaksiya göstərməklə qalmır, bütün sahələrdə ciddi tədbirlər həyata keçirir, məxfi planları ifşa edir və Azərbaycanın güclü dövlət quruculuğunu bir daha təsdiq etmiş olur. Əlbəttə ki, bu sahədə əsas missiya Prezident İlham Əliyevin üzərinə düşür. Elə mövzuya uyğun qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edərkən, bir qrup idmançı ilə görüşdə geniş formada bu məsələlərə toxundu.

“İki sahil” xəbər verir ki, bunu millət vəkili Tamam Cəfərova deyib.

Onun sözlərinə görə, dövlət başçısı bu çıxışında iki vacib istiqaməti fərqləndirdi:

“Birincisi, Ermənistanın terror dövləti olmasını xüsusilə qeyd etdi və biz də yaxşı bilirik ki, hələ “Valday”da, Bişkekdə, Münhendə Prezident İlham Əliyev düşmən ölkə rəhbərinin faşist baxışlarını, ideoloji xüsusiyyətlərini dünyanın gözü qarşısında ifşa etmişdi. İkincisi, münaqişəyə, işğal olunmuş Azərbaycan torpalqarına münasibətdə beynəlxalq təşkilatların rolunu qiymətləndirdi.

Prezident bildirdi ki, bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir.
Amma əlbəttə ki, müəyyən istisnalar da vardır ki, bu detallar da Ölkə rəhbərinin diqqətindən qaça bilməzdi.

Ölkə başçısı qondarma “DQR” ilə bağlı, orda keçirilən saxta seçkilərlə bağlı bildirdi ki, qondarma, saxta prezident guya seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimi olaraq əvvəlkinin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edibdir. Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni, bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzibdir. Orada bir dənə də olsun milli azlıq yoxdur. Azərbaycanın qədim torpaqlarında bir dənə də olsun azərbaycanlı qalmayıbdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdir. Nəinki azərbaycanlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur. Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub. İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb.
Prezident bütün bu faktları sadalamaqla təkcə düşmən ölkənin hüquqa zidd, insanlığa qarşı cinayətlərini isbat etmədi, həm də bu cür dünyada sülhə təhlükə yaradan dövlətlərin arxasındakı böyük gücləri də ifşa etdi. O, beynəlxalq təşkilatlara münasibətdə açıq bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar – bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı.

Amma təəssüf ki, AŞPA düşmən mövqeyininin təsirinə düşərək, tərəflər arasındakı ədalətli mövqeni pozdu, işğalçı barədə bir kəlmə də olsa, suverenliyimizi dəstəkləyəcək ifadə eşidilmədi.

İkili standartlılığın bariz nümunəsi ilə bağlı dövlət başçısı qeyd etdi ki, Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!
Əlbəttə, Prezident İlham Əliyevin bildirdiyi kimi, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, onların mövqeyi anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır.

Azərbaycanla bağlı bəyanatları o qədər gülünc və saxtadır ki, dünyada baş verən polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi kimi halları görmürlər. Riyakar mahiyyəti ilə güclü dövlətlədə yaşanan halları ört-basdır edirlər. Hüququn işləməsi gərəkən, işğal edilmiş ərazilərdə qanun pozuntuları barədə danışmaq lazım gələndə susurlar.

Amma əsas məsələ odur ki, AŞPA kimi qurumların ikilistandart tutması, daha nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanı müdafiə etməsi nəinki regional reallığı, hətta qlobal panoramanı da ortaya qoyur. Haqlı bəyanatlar bizim haqlı mövqeyimizi güclədirir, isbat edir və anti-Azərbaycan addımları fiaskoya uğradır”.

Hokm.az

  •  (2)
  •  (1)