Taksi fəaliyyətində vahid tarif sisteminə keçid istehlakçı hüquqlarını pozur – EKSPERTbackend

Taksi fəaliyyətində vahid tarif sisteminə keçid istehlakçı hüquqlarını pozur – EKSPERT

Bəzi ölkələrdə taksi xidmətində vahid tarif sistemi tətbiq edilir. Lakin əksər ölkələrdə taksilərin tarifi sərbəstdir, bu bazar iqtisadiyyatı ilə tənzimlənir. Bu gün Azərbaycanda taksi fəaliyyətinin sərbəst tarif əsasında işləməsi vətəndaşlara sərf edir, qiymətlər əlverişlidir. Belə deyək də, öz-özünə yaranan taksi fəaliyyəti sistemi olduqca sərfəlidir. Çox sadə bir qaydada telefonunuzdakı tətbiq vasitəsilə, yaxud da sadəcə zəng etməklə taksi sifariş edirsiniz. Taksi sürücüsü tərəfindən hansısa xoşagəlməz hərəkət olduqda birbaşa taksi operatoruna məlumat verib şikayət edə bilirsiniz. Eyni zamanda, bu sistem ona görə yaxşıdır ki, gələcək taksi haqqında artıq sizdə məlumat olur. Məsələn, hansı markalı avtomobil gəlir, maşının dövlət nişanı, sürücünün telefon nömrəsi qeyd olunur və s. Bu gün niyə bu sistemin belə deyək də təkmilləşdirilməsinə ehtiyac olduğunu müvafiq qurumlar bizə izah etməlidir. Bu məsələləri ictimaiyyətə izah etmədən dəyişmək, daha doğrusu, yaxşı olan bir sistemi dəyişmək məntiqsizdir”.

Hokm.az xəbər verir ki, bunu ted.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan konsepsiyanı şərh edərkən deyib.

Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda taksi tarifləri eyniləşdirilsə, burda müxtəlif problemlər baş qaldıracaq: “İşsizlik artacaq. Çünki vahid tarif qiyməti qəbul edilsə, sürücülərə və taksi xidmətində olan avtomobillərə görünür ki, hansısa qaydalar tətbiq ediləcək. Çox güman ki, bu qaydalar məcburi olacaq.

Təbii ki, bu zaman bir çox taksi fəaliyyəti ilə məşğul olan vətəndaşımız işsiz qalacaq. Eyni zamanda, taksi xidmətində azalma olacaq, yəni taksi xidməti göstərənlərin sayı azalacaq. Bu isə Bakı şəhərinin ictimai nəqliyyatına çox pis təsir edəcək. Avtobus və metrolarda sıxlıq yaranacaq. Burda da zərər yenə də vətəndaşa dəyəcək.

Tariflər məsələsinə yenidən qayıdaq. Tariflər eyniləşdirildikdən sonra burda taksi xidmətinin bir kilometrə qədər olan qiymətinin artacağına mən də çox böyük şübhələr var. Məncə, tariflər eyniləşdirilən zaman qiymətlər yüksəldiləcək. Bu da olduqca mənfi haldır. Hazırda taksi xidmətləri bizə bir kilometrə qədər 30-50 qəpik civarında xidmət təklif edirlər. Əgər bu taksi xidməti konsepsiyasında deyilən məsələlər həyata keçirilsə və tariflər mən qeyd etdiyim qiymətlərdən yüksək olsa, düşünürəm ki, biz burda inhisarçılıq və istehlakçıların hüquqlarının pozulmasından danışmalıyıq”.

Mütəxəssis qeyd edib ki, hazırkı konsepsiya həyata keçsə, iki qanun pozulur:“Azərbaycan Respublikasının Antiinhisarla bağlı qanunu pozulur. Azərbaycan Respublikasının istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun var. O, qanunun əsas prinsipləri və müddəaları pozulur. Qanun müqəddəsdir və vətəndaşların rifahının yaxşılaşdırılması, dövlətin inkişafı üçün qəbul edilmiş tənzimləyici vasitədir. Və bu qanunları belə sadə qaydada pozmaq, ictimai rəyi nəzərə almamaq çox təəccüblüdür və şəxsən mən buna çox heyrətlənirəm. Tariflərin eyniləşdirilməsi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun əsas müddəasını pozur. Seçim hüququ müddəası. İstehlakçıların xidmət və mallar seçimində sərbəst seçim etmək hüququ pozulacaq”.

  •  (0)
  •  (2)