Şuşaya ilk daxil olan 8 əsgər, əməliyyatın adı və şəhərə qalxan gizli yol – “Əsrin əfsanəsi” haqda YENİ DETALLARbackend

Şuşaya ilk daxil olan 8 əsgər, əməliyyatın adı və şəhərə qalxan gizli yol – “Əsrin əfsanəsi” haqda YENİ DETALLAR

Şuşanın azad olunması: mütəxəssislər bunu müasir hərb elminin prinsiplərini alt-üst edən əməliyyat adlandırırlar.

Yəhudi jurnalist Pyotr Lyukimson yazır: “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksəkrütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”.

Mənim üçün indi ən çox maraqlı olan Şuşanın azad olunması əməliyyatının adıdır. Ermənistan 28 il öncə Qarabağ incisinin işğalına “Dağlarda toy” adını vermişdilər. 28 il ərzində bu əməliyyatın adını eşidəndə “Fəryad” filmindəki fraqmenti, erməni komandirin “Şuşa şəhərini ələ keçirdik” deməsindən sonra ermənilərin arvadlı-uşaqlı qol götürüb oynaması yadıma düşürdü nədənsə…

28 il sonra Azərbaycan ordusu ermənilərə Şuşa dağlarında gerçəkdən toy tutdu, amma bu əməliyyatın adı nə idi axı?

Bunun hərbi sirr olduğunu, ən azı hələlik belə olduğunu bilirik, Xüsusi Təyinatlı Qüvvələrin şəhərə hansı yolla və necə daxil olduğu kimi…

Amma gəlin Şuşanın azad olunmasına şərti olaraq “Xarıbülbül” adını verək, şəhidlərimizin ruhuna ithafən.

Və biz Şuşanın azad olunması ilə bağlı əfsanəvi əməliyyat haqqında ilk dəfə “le Monde” nəşrinin sətrlərində rast gəlirik.

Fransız reportyorun məqsədi əməliyyat haqqında yox, Xankəndiyə gətirilən yaralılar barəsində yazmaq idi.

“Xankəndinə gətirilən yaralıların hamısında tapança və bıçaq yarası var idi”, – o, yazırdı.

“Tapança və bıçaq yarası…”. Bu sözlər Şuşa əməliyyatı ilə bağlı ilkin təsəvvür yaranmasına kömək etdi.

“le Monde” yazırdı: “Ermənilərin çox sayda ölü və yaralıları var, onları Xankəndinə daşıyırlar. Erməni əsgərlər Xankəndinə gedən yolda snayperlər və artilleriya hücumlarına məruz qalırlar. Xankəndini Şuşa vasitəsilə Laçın dəhlizi və Ermənistanla birləşdirən əsas yol noyabrın 4-də bağlanıb. “Azərbaycanlılar Şuşaya çatdı, şəhər döyüşü gedir” yaralı erməni əsgər deyir. Təcili yardım maşını dayanmadan işləyir, əsgərlər üst-üstə yığılır, bəzi yerlərdə üzbəüz döyüşlər gedir”.

Bu məqalə yayımlananda Şuşanın azad olunduğu elan edilməmişdi, şəhər döyüşləri hələ də davam edirdi…

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanı ağır artilleriya olmadan, tapança və bıçaqdan istifadə etməklə, əlbəyaxa döyüşlə azad edib.

Daha sonra müəyyən fərqliliklərlə eyni mənzərəni təsvir edən bəzi təfərrüatlar ortaya çıxdı və bizə döyüşü birbaşa iştirakçılarının dilindən dinləmək nəsib oldu.

XTQ üzvü, Şuşa qazisi Alik Məmmədov: “Yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi nə gözləyir bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi. Çünki onlar bizim oradan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın (XTQ komandanı Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasaydı məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm 40-a yaxın erməniyə bıçaq salıb çıxartmışam həmin hücum anı. Onların arasına düşən təşviş belə General tərəfindən hesablanmışdı. Təşviş yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onlarımın formasında belə biz ola bilərdik”.

XTQ kəşfiyyatçısı, Şuşa qazisi Sirus Müsüzadə: “Biz iki gün Şuşanın Daşaltı hissəsində şəhərin kəşfiyyatında qaldıq. İki gündən sonra hücuma keçdik. Gecə saat təxminən 2 olardı ki, Şuşaya doğru irəlilədik. Əlimizdə olan tək silah avtomat idi, ancaq onlar bizim üstümüzə bütün silahlardan atırdılar. Aşağıdan yuxarı sıldırım qayaları qalxırdıq. Çox çətin idi, dizin-dizin dağı qalxırdıq. Düz qalxmaq qeyri-mümkün idi. Qayadan əlimizlə tuturduq, dizlərimiz yerdə, iməkləyə-iməkləyə qalxırdıq sıldırım qayaları… Dağa qalxanda inilti eşitdim. Bildim ki, kimsə yaralanıb. Gördüm döyüş yoldaşımdır. Düzdür, tanımırdım şəxsən, ancaq mən ona kömək etməli idim. Vicdanım yol verməzdi ki, onu o vəziyyətdə, yaralı halda qoyub gedim. Qolundan tutdum, yuxarı qaldırdım, bir qolumda yaralı yoldaşım, digər əlimdə silah, o vəziyyətdə döyüşdüm. Sürünə-sürünə qalxdıq yuxarı. Hətta orada ağır çəkidə olan döyüşçülər var idi. Onları daşımaq çox çətin idi. Biz nə şəhid olan yoldaşımızı, nə də yaralanan qardaşlarımızı döyüş meydanında qoya bilərdik…Şuşaya qədər təxminən 4 gün yol getdik. Gecə saat 2-də Şuşaya girdik, səhər saat 8-ə qədər döyüşdük. Ora ən ən vacib yüksəklik idi, biz həmin yeri yaralı-yaralı qoruyub saxladıq ki, şəhərin özünə girənlər üçün çətinlik olmasın. Döyüş yoldaşlarm Şuşaya girəndə mərmiləri bitib, mühasirədə qalmışdılar. Ürəkləri rahat olsun deyə silahı atıb əlbəyaxa davaya girirdilər. Qisaslarını bur cür alırdılar”.

Anlayır ki, Azərbaycan əsgəri:

– Şuşaya yeganə olan girişdən yox, sıldırım qayalıqlardan daxil olub;
– Döyüş ancaq yüngül silahlarla – bıçaq, tapança, avtomat – aparılıb, bir çox hallarda əlbəyaxa halda baş verib;
– Yaralılar və şəhidlər arxada buraxılmayıb, əsgər döyüş yoldaşı çiynində döyüşə-döyüşə sıldırım qayalarla şəhərə qalxıb;
– Şəhərə daxil olana qədər saatlarla, hətta günlərlə döyüş olub;
– Əməliyyatın müəllifi və rəhbərlik edən XTQ komandanı Hikmət Mirzəyev hücum zamanı ən incə detalı belə nəzərə alıb;

Və məlum olur ki, əməliyyatda ağır artilleriyadan istifadə olunmayıb, şəhərə heç bir mərmi atılmayıb. Bəlkə də Azərbaycan əsgəri Şuşaya qıymağa əli gəlməyib, bəlkə də…

Bu əməliyyatı tarixi Qavqamela döyüşü ilə eyniləşdirənlər də var: Makedoniyalı İsgəndər sayca qat-qat çox olan III Daranın ordusunu ağıllı taktikası ilə darmadağın edir.

Yaxud bunu Nadir Şah Əfşarın Çar Rusiyasına qarşı hərbi əməliyyatları, eləcə də Malazgirt və Mohaç döyüşləri ilə müqayisə edə bilərik.

Aypara (Qurd Qapanı da deyilir) taktikası. Hücum planı iki mərhələdən ibarət olur: saxta gediş və pusqu. Ordunun bir hissəsi düşmənin gözlədiyi yerdə hücum görüntüsü yaradır, digər qrupu gizli şəkildə düşmənin arxasına keçərək, pusqu qurur. Şahidlərin dedikləri Şuşa döyüşündə məhz bu taktikadan istifadə edildiyi fikrini gücləndirir: şəhərə qalxan yeganə yola hərbi qüvvə və zirehli texnika yığılıb və ermənilər hücumun oradan olacağını gözləyiblər; əsas qüvvələr sıldırım qayaları dırmaşaraq, şəhərə daxil olub və üzbəüz döyüşlə düşmən məhv edilib.

Ermənistan tərəfi sonuncu dəfə rəsmi açıqlamasında Şuşa və Şuşa ətrafında qalan 300 erməni hərbçinin cəsədinin təhvil alıdığını bildirmişdi və qeyd olunurdu ki, təhvil alma prosesi hər gün davam edir.

Lakin mediada erməni cəsədlərin sayı ilə bağlı fərqli rəqəmlər səsləndirilir.

Azərbaycan mediası hərbi mənbələrə istinadən 800 erməni cəsədinin olduğunu yazırdı;
Rusiyanın erməniyönümlü “Rvvoenkor” telegram kanalı isə yazırdı: “Rusiya sülhməramlıları və BQXK Şuşada mindən çox erməni cəsədini Ermənistan tərəfinə təhvil verib”.

Ermənistanda hələ də Şuşa əməliyyatının təsirini azaltmaq cəhdləri davam edir. Erməni jurnalist Roman Baqdasaryanın isə bu cəhdləri alt-üst edən etirafları var.

Baqdasaryanın açıqlamasında məqsədin hakimiyyəti hədəfə almaq olduğu hiss olunur, lakin Şuşa əməliyyatı ilə bağlı maraqlı məqamlara toxunur:

“Şuşa 5 noyabrda artıq Azərbaycan xüsusi təyinatlılarının nəzarətində idi. Şəhərdə 600 erməni döyüşçü var idi (bu rəqəm reallıqdan azdır). 10 noyabrda razılaşma əldə olunandan sonra Xankəndinin zirzəmilərində 1000-ə yaxın döyüşçü üzə çıxdılar. Onlar Azərbaycan əsgəri ilə döyüşməkdən qorxduqları üçün ora sığınmışdılar. Bundan başqa, Şuşada ərzaq mağazalarının sahibləri müharibənin başlanmasından üç həftə sonra məhsullarını əsgərlərə paylamağa başladılar. Halbuki, ona qədər mağazalarda kolbasa, pendir və digər məhsullar çürümüşdü, sahibləri isə onu verməkdən imtina edirdilər. Məlumatlar var ki, diasporadan, eləcə də Moskvadan müharibəyə göndərilən məhsullar İrəvanda ilişib qalırdı. Heç kim bu məhsulları cəbhəyə aparmağa ürək etmirdi, çünki qorxurdular. Ermənistanda danışırlar ki, Azərbaycan qoşunları Şuşaya bir tərəfdən daxil olub, bu yalandır. Şuşaya ilk olaraq Azərbaycanın 6-8 snayperi daxil oldu, ardınca xüsusi təyinatlı qüvvələr girdi. Xüsusi təyinatlılar Şuşakənd istiqamətindən sıldırım qayalıqlarla qalxdılar. Hətta indi yazırlar ki, Şuşada guya 6 min insan yaşayırmış. Yalandır və bu yalan daha çox pul silməyə hesablanıb. Şəhərdə əhalinin sayı 3 minə çatmırdı heç”.

Erməni jurnalist qeyd edir ki, Şuşaya gizli bir yol var: “Daşaltından qalxan bu yolu erməni dəllallar çəkmişdi. Onlar bu yolla meşələrdən qırdıqları ağacları Ermənistana daşıyır, orada satırdılar. Kadrlarda da gördük ki, Şuşadan Azərbaycan texnikası çıxır. Bu hərbi texnika nə Laçın, nə də Xankəndi vasitəsilə Şuşaya getməyib, məhz həmin yolla qalxıb”.

Baqdasaryanın dedikləri nə qədər Ermənistan hakimiyyətini tənqid etmək məqsədi daşısa da, ermənilərin Şuşa əməliyyatı ilə bağlı danışdıqları yalanları ifşa edir.

Tarix bundan sonra Ermənistanın daha çox yalanını ifşa edəcək, çünki məğlublar bir-birini ittiham etməyi sevirlər və “çəpər davası”nı xatırladan bu mübahisələr gerçəkləri üzə çıxarır.

Şuşaya gəlincə, Ali Baş Komandanın təbirincə desək, “Əziz Şuşa, biz artıq qayıtmışıq” və fikrimizcə, Şuşanın azad olunmasını bundan gözəl ifadə edən söz yoxdur.

Biz qayıtdıq, öz evimizə qayıtdıq. Təsadüfi deyil ki, Şuşa əməliyyatının “Evimizdə döyüş” adlandırdığına dair əfsanələr də dolaşır. Hələ çox əfsanələr dolaşacaq, Azərbaycan əsgərinin XXI əsrdə yazdığı əfsanələr… publika.az

  •  (1)
  •  (0)