Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasında xəstələr CAN HAYINDA, Tibbi personal isə…backend

Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasında xəstələr CAN HAYINDA, Tibbi personal isə…

Müasir səhiyyə sisteminin yaradılması ölkəmizdə keçirilən islahatların əsas hədəfinə çevrilib. Ölkə rəhbərliyi bu sahə üzrə problemlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirir. Bunu heç kim inkar edə bilməz.

Lakin, nazir Oqtay Şirəliyev və onun vəzifəyə qoyduğu bəzi yarıtmaz kadrların yol verdiyi nöqsanlar TƏBİB dövründə daha da kütləvi məcrada yayıldı, necə deyərlər “qaş qayıran yerdə, vurdu səhiyyə sisteminin gözünü də çıxartdı”. Öz biznesini xalqın mənafeyindən üstün tutaraq, ümidlənən cəmiyyətin gözləntilərini puç edən TƏBİB “ölü” səhiyyə nazirinə rəhmət oxutdurur və rəhbərliyin xalqa qayğısına kölgə salır.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, dünyanın qabaqcıl ölkələrində belə səhiyyəyə Azərbaycanda olduğu qədər vəsait ayrılmır. Lakin, bəzi səlahiyyətli şəxslərin acgözlüyü nəticəsində ciddi fəsadlar üzə çıxmaqdadır. Problemlər məngənəsində sıxılan “tibb ocaqlarından” biri də Sumqayıt Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasıdır. O xəstəxana ki, sadəcə lazımi miqdarda rüşvəti ödənildikdən sonra adına layiq olur.

Ötən il Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasının tibbi heyəti BBC Kanalına maaşlarından kəsilmə olduğunu və rəhbərliyin şikayətlərini geri götürməsi üçün onlara təzyiq etdiyini demişdilər. Rəhbərlik “anlaşılmazlıq” olduğunu və maaşlardan kəsilmənin geri ödəniləcəyini bildirmişdi. Səhiyyə Nazirliyi isə həmişə olduğu kimi ittihamlarla bağlı suallara cavab verməmişdi.

KAİM.az-a verilən məlumata görə hələ də, bənzər hallar müşahidə olunur. Tibb bacılarının və digər işçi qüvvələrinin maaşından müəyyən miqdarda pul tutulur və müxtəlif bəhanələrlə mənimsənilir. Vəziyyətdən son dərəcə narazı olan işçilər cana yığılıb. Rəhbərliyin bu fakt üçün də “anlaşılmazlıq olub, geri ödəyəcəyik” deyə açıqlama verməsini istisna etmirik. Öyrəşmişik …

Dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaitlə səhiyyə ocaqlarının maddi-texniki bazası yenidən qurulub. Həkimlərin rahat işləyə bilməsi üçün dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Əfsuslar olsun ki, Sumqayıt Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasının baş həkimi Rauf İzzət oğlu Sadıxov müasir standartlar səviyyəsində qurulan xəstəxanaya istənilən səviyyədə rəhbərlik edə bilmir.

O, ciddi qanunsuzluqlara imza ataraq xəstəxananın qeyri-işlək hala düşməsinə səbəb olub. Sumqayıt TTYX-da pulsuz tibbi xidmətdən söhbət belə gedə bilməz.

Xəstəxanada palataların baş həkim və travmatologiya şöbəsinin müdiri Xankərəm Quliyev tərəfindən müəyyən edilmiş qaydada yoxlanılması prosesi də həyata keçirilmir. Həftələrlə yatan xəstələr nə baş həkimin üzünü görür, nə də ki, şöbə müdirinin yüksək səviyyəli nəzarətini. Ola bilsin, bu, yığılan rüşvətin sayılmasının çox vaxt aparması ilə əlaqədardır.

Məlumata görə, xəstəxanada xəstələrin qidalanması da qənaətbəxş deyil.

Qeyd edək ki, Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə xəstəxanada müalicə olunan xəstələr üçün xüsusi qida normaları müəyyənləşib. Hər il büdcədən səhiyyəyə ayrılan vəsaitin bir hissəsi ərzaq məhsullarının alınmasına xərclənir. Lakin, həmin vəsaitin təyinatı üzrə xərclənməməsi də göz qabağındadır.

Sumqayıt TTYX-da xəstələrə keyfiyyətsiz və vitaminsiz qidalar verilir.

Xəstəxanada xəstələrin qeydiyyata alınması da rüşvətin qarşılığında aparılır. Ən dəhşətlisi isə odur ki, burda xəstələr canı ilə əlləşir, tibbi personal isə xəstələrin cibi ilə.

Eyni zamanda, verilən məlumatda deyilir ki, xəstəlik tarixlərindəki təyinat vərəqələrinə işlənilmədən, təsdiqedici sənəd olmadan dərmanlar silinir, stasionar müalicədə istifadəsi nəzərdə tutulmuş dərman preparatları imtiyazlı reseptlər əsasında ambulator müalicə alan xəstələrə verilir.

Hazırki şəraitdə qeyd edilənlərin doğru olduğunu nəzərə alsaq çox acınacaqlı vəziyyətdir. Təcili təxirəsalınmaz tibbi yardım təcili rüşvət verilmədikdə uzunmüddətli təxirə salınır. Dövlət büdcəsindən ayrılan milyonları yeyən həmin rəzil şəxslərin doymayaraq, vətəndaşın cibinə qənim kəsilməsi hər kəsdə təəccüb doğura bilər. Amma fakt budur ki, “yemək ilə doymayan…”

  •  (3)
  •  (0)