“Rusiya Azərbaycana görə Türkiyə ilə rəqabət aparmağa başlayıb”.
“Hokm.az” xəbər verir ki, bunu Şoyqunun Azərbaycana planlaşdırılan görüşünə münasibət bildirərkən araşdırmaçı junalist Bəybala Mirzəyev deyib.
Mütəxəssis Hulusi Akarla Zakir Həsənovun bir müddət öncə görüşü barədə də fikirlərini bölüşüb:
“Biz bu fotoda iki türk ölkəsinin generalını – Hulusi Akarı və Zakir Həsənovu görürük. Onlar bugünlərdə müttəfiqliklə bağlı mühüm danışıqlar aparmaq üçün Bakıda görüşərkən məhz bu tərzdə görüşmüşdülər. Bu da pandemiya dövrünün tələblərindən doğan hərbi-simvolik bir görüş tərzi idi. Və həqiqətən də möhtəşəm şəkildir, ölkələrimizin birlik nümayişidir.
Budur, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın Bakıda verdiyi dəstək mesajlarının hərarəti hələ soyumamış, indi də Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlir.
Bu barədə mətbuata bizim Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Sergey Şoyqu Bakıya avqustun 25-də səfər edəcək.Rusiya mediasında isə bu barədə heç bir məlumata rast gəlmədim. Rusiyalı ekspertlər, politoloqlar da bu səfərin məqsədi ilə bağlı hələ ki hər hansı bir şərh verməyiblər.
Böyük ehtimalla, Şoyqu ayın 25-də Bakıda açılışı gözlənilən “Dəniz kuboku” Beynəlxalq ordu oyunları yarışmasında iştirak etmək üçün gəlir. Amma bu məsələnin görünən tərəfidir. Rusiya tərəfi Azərbaycanın Türkiyə ilə hərbi yaxınlaşmasından narahatdır. Çünki son zamanlar Türkiyə-Azərbaycan münasibətlərində həqiqətən də indiyədək görünməmiş fəallıq var. Rusiyanın indiyə qədər Qarabağ məsələsində daim Ermənistanın yanında yer alması və xüsusən də Tovuz döyüşləri zamanı Ermənistana tonlarla silah göndərməsi, Azərbaycan üçün Türkiyə ilə hərbi yaxınlaşmadan başqa bir yol qoymadı”.
B.Mirzəyev əlavə edib ki, Rusiya özü bir tərəfdən Ermənistana dəstək verdiyi halda, digər tərəfdən isə Türkiyənin Azərbaycana dəstək verməsini istəmir:
“Kreml son zamanlar Azərbaycanı öz təsir dairəsində saxlamaqdan ötrü Türkiyə ilə sözün əsl mənasında yarışa girib. Buna rəqabət də demək olar. Lakin Rusiya Azərbaycan-Türkiyə yaxınlaşmasının qarşısını ala biləcəkmi? Xeyr! Prosesi ləngidə bilər, amma qarşısını heç cürə ala bilməz. Azərbaycanla Türkiyənin sıx hərbi ittifaq qurmaq planı artıq zamanın diktəsidir. Kimsə bunun qarşısını ala bilməz. Bakının 12-14 iyul döyüşləri zamanı Rusiyanın Ermənistana təyyarələrlə silah göndərməsinə görə, rusiyalı nazirdən hesab sormağa, izahat tələb etməyə və qınamağa tam haqqı çatır”.
Hokm.az
















