“SMA xəstəliyindən əziyyət çəkən Tunarın müalicəsi üçün 2,4 milyon dollar pul lazımdır” – Anasıbackend

“SMA xəstəliyindən əziyyət çəkən Tunarın müalicəsi üçün 2,4 milyon dollar pul lazımdır” – Anası

2 yaşlı Bakı sakini Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkir. 
Spinomuskulyar atrofiya (SMA) müalicəsi olduqca çətin olan ağır xəstəlikdir. Xəstəlik uşağın doğuşundan əvvəl özünü göstərməyə başlayır və körpə altı aylıq olduqda özünü büruzə verir.
 
Tunarın sağalması üçün hər kəsin dəstəyi vacibdir. Hazırda onun vəziyyəti ağırdır və lazım olan məbləğ toplandıqdan sonra müalicə üçün Amerikaya aparılacaq.
Tunarın anası Səbinə Əliyeva AZXEBER.COM-a müsahibəsində balacının son durumu haqqında məlumat verib.
 
– Hazırda Tunarın vəziyyəti necədir və o, haradadır?
 
– Hazırda Tunar Türkiyədə Acıbadem xəstəxanasındadır. Tunar nəfəs problemi yaşayır və nəfəs almaqda çətinlik çəkir. Xəstəxanada həkimlərin nəzarətindədir, amma vəziyyəti hər gün keçdikcə ağırlaşır. Bunun qarşısını almaq və Tunarı sağlamlığına qovuşdurmaq üçün lazım olan vəsait toplanmalı və o, müalicə olunmalıdır.
– Tunarın müalicəsi üçün lazım olan vəsaitin neçə faizi yığılıb və nə qədər məbləğ qalıb?
– Ümumi olaraq 2 milyon 400 min dollar vəsait lazımdır. Artıq məbləğin 53 faizi yığılıb, yerdə qalan hissəsi isə qalıb və yığılmaqda davam edir.
– Müalicə üçün lazım olan dərman haradan əldə ediləcək?
 
– Azərbaycanda və Türkiyədə həmin dərman yoxdur. Amma bir çox ölkələrdə – ABŞ-da, Almaniyada, Macarıstanda var. Biz vəsait yığıldıqdan sonra müalicəni Amerikada etdirəcəyik, Bostondakı xəstəxanaların biri ilə danışmışıq. Çünki qiymət baxımından Amerikada digər ölkələrə nisbətən daha uyğundur. Macarıstan və Almaniya böyük uşaqları qəbul etdiyi üçün orada qiymət daha yüksəkdir.
 
– Tunara yardım aksiyaları harada keçirilir?
 
– Yardımlar könüllü şəkildə aparılır, kimin hansı məbləğə imkanı çatırsa, köməklik edir. Allah hər birindən razı olsun. Bizim öz hesablarımız var, gələn pullar orada toplanır. Bundan başqa marketlərdə ianə qutuları yerləşdirilib, onların vasitəsilə də yığılır. Könüllülər çıxıb şəhərdə Tunar haqqında məlumat verirlər, bukletlər paylayırlar və ya onlara verilən pulları balansa yükləyirlər. Biz hazırda Tükiyədəyik, sağ olsunlar, buradakı azərbaycanlılar da ehtiyac olan hər şeydə dəstək göstərirlər.
– Məbləğin toplanmasında daha çox kimlər dəstək olub?
 
– İlk olaraq Ayaz Babayev Tunarın tanınmasında öz yardımını göstərib. Bundan başqa Nisə Qasımova, Xoşqədəm Hidayətqızı, Tarix Əliyev, blogerlər və indi xatırlamadığım bir çox məşhurlar köməklik edib. Azər Süleymanlı böyük bir “challange” etdi və öz ətrafına ötürdü. Ümumiyyətlə, bütün Azərbaycan xalqı öz dəstəyini əsirgəmir, buna görə də hər birinə təşəkkür edirəm.
– Məbləğin tam toplanması üçün vaxt limiti varmı, müalicə üçün maksimum nə qədər vaxta vəsait tam hazır olmalıdır?
 
– Vaxt limiti dedikdə, Tunarın bu iynələri iki yaşa qədər vurulmalı idi. Amma bir çox köməkçi iynələr də Azərbaycanda pulsuz şəkildə olmadığı üçün Tunar bu müalicəni ala bilmədi. Buna görə də Tunarın vaxtı həddən artıq çox azdır. Nə qədər qısa vaxtda bu iynə vurulsa, bir o qədər tez inkişaf deməkdir. Uşağın hazırki vəziyyəti ölümlə mübarizədir. Günü sabah iynə vurulsa, Tunar həmin vaxt inkişafa doğru gedəcək. Yəni hazırda vəziyyət bu cürdür.
– Son olaraq yenidən kiməsə müraciətiniz varmı?
 
– İndiyədək bizə dəstək olub, kömək edən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Sadəcə, yenidən bir ana kimi hamıya üzümü tutub kömək istəyirəm ki, bu məbləğ tez bir zamanda yığılsın. Azərbaycan xalqı, iş adamları, imkanı çatan hər kəs öz dəstəyini əsirgəməsin ki, Tunar sağalsın. Maddi cəhətdən dəstək olmağa imkanı çatmayanlar başqalarına Tunar haqqında məlumat versin, Tunarın sağalması üçün dua etsin.
 
– Biz də Tunara şəfa diləyir və qısa zamanda öz sağlığına qovuşmasını arzu edirik.
 
-Çox sağ olun, Allah razı olsun, hər birinizdən!

Daha ətraflı: @sma_tunar

  •  (0)
  •  (0)