Bu gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu görüşdən bəzi mühüm nəticələrin əldə olunacağı gözlənilir. Görəsən, Azərbaycanda fəaliyyət göstərən siyasilər Brüssel görüşündən nə gözləyirlər?
Qaynarinfo-ya açıqlamasında məsələyə toxunan Müsavat Partiyasının başqanı Arif Hacılı Rusiyanın iştirakı olmayan bu görüşdən müəyyən pozitiv nəticələr gözləyir: “Görüşün Brüsseldə keçirilməsi pozitiv hadisədir. Bu fonda prosesdə hansısa nəticələrin əldə olunması istisna olunmur. Nə qədər ki, proses Rusiyanın nəzarəti altındadır, tərəflər arasında sülh müqaviləsi heç zaman əldə olunmayacaq. Çünki Moskva prosesin mövcud şəkildə davam etməsində, tərəflərin razılığa gəlməməsində maraqlıdır”.
“Bu görüş mövqelərin daha da yaxınlaşmasına kömək edə biləcək görüşdür”. Bu fikirlər hakim YAP-dan olan deputat Hikmət Babaoğluna məxsusdur: “Brüssel görüşünün önəmi böyükdür. Nəticə etibarı ilə liderlərin görüşüdür. Amma bir görüşlə mühüm məsələlərin həll olunacağını, sülh müqaviləsinin imzalanacağını proqnozlaşdırmaq da doğru olmazdı. Çünki İrəvan bu görüşə də tərəddüdlərlə gedir. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipilə bağlı konkret mövqe bildirməyib. Hər halda, bu görüş mövqelərin daha da yaxınlaşmasına kömək edə biləcək görüşdür”.
AMİP lideri Etibar Məmmədov görüşə skeptik yanaşır: “Görüşdən ciddi nəsə gözləmirəm. Ermənistan hələ məsələnin nə yerdə olduğunu, Rusiya ilə bağlı hara qədər gedəcəklərini aydınlaşdıra bilməyib. Ona görə də onlar müqavimət göstərməyə çalışacaq. Yalnız niyyət istiqamətində bəzi bəyanatlar ola bilər”.
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, Kreml Avropa Birliyi müstəvisində irəliləyişin olmasına maneə olmağa çalışacaq. Siyasətçinin fikrincə, hazırda diplomatik masadakı irəliləyiş hərbi müstəvidə baş verən proseslərlə bağlıdır:”İrəvan Ruyanın təsir dairəsində olduğundan, Moskva Avropa Birliyi çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin yoluna qoyulmasına imkan verməyəcək”.
















