Siyasi islam: tektonik sınmadan toplumsal əriməyəbackend

Siyasi islam: tektonik sınmadan toplumsal əriməyə

“Müqəddəs Sofiya”  kilsəsinin    muzey statusundan çıxarılıb yenidən məscid halına  gətirilməsindən sonra  24 iyulda  qılınan cümə namazının türk toplumundakı  əks-sədası  gözləniləndən çox  şiddətli oldu.

Söhbət     guya  İstanbulu fəth   edən   kimi  “Ayasofya”  kilsəsini  məscidə çevirən Fateh Sultan Mehmetin  “Bu vəqfin  statusunu  dəyişdirənlər lənətə  gəlsin”  sözlərindən istifadə edən Dini Işlər Idarəsi vəqfi rəisinin cümə namazında   Atatürkə lənət oxumasından gedirdi.

Tarixçi Murat Bardakçı  daha əvvəl dəfələrlə  “Ayasofya”  vəfqi sənədində  o sözlərin olmadığını  açıqlasa da Dini İşlər İdarəsi   rəisinin  yenə o sözlərlə  Türkiyə Cümhuriyyətinin qurucusu  Mustafa Kamal Atatürkü hədəfə aldığını  hamı gördü, anladı.

Mustafa Kamal  Atatürk    dinlərə  bərabər məsafə prinsipini əsas  alaraq  24 noyabr 1934-cü ildə  10  əsr əvvəl  kilsə kimi inşa edilib  İstanbulun fəthindən sonra  məscid kimi  istifadə edilən  bir  tikilinin muzeyə çevrilməsini qərarlaşdırmışdı, siyasi islamçılar  bir tərəfə, din işlərini dövlətdən ayırmaq üçün Atatürkün 1926-cı ildə yaratdığı  Dini İşlər İdarəsi vəqfi   rəisinin cümhuriyyətin qurucusunu lənətləməsi  toplumdan çox sərt reaksiya görüncə rəis öz sözünü  danmaqla  qalmadı, cümə xütbəsinin o bölümü Dini İşlər İdarəsi vəqfinin İnternet saytından da çıxarıldı.

Siyasi partiyalar, QHT-lər öz yerində, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar məhkəmə qapılarının yolunu tutdular. Dövlət  başçısı Ərdoğan səssiz qaldı, iqtidarın kiçik dəstəkçisi MHP  bir tərəfdən Atatürkü müdafiə etdi, o biri tərəfdən, Dini İşlər İdarəsi vəqfinin rəisinə  yiyə durdu. AKP-dən ayrılan iki partiya “namazın dövlət protokolu halına gətirilməsini”  tənqid etdilər. Cümə namazına dəvət edilən ana müxalfətdəki  Cümhuriyyət Xalq Partiyasının 2018-ci ildəki prezidentliyə namizədi Mühərrəm İncə də Dini İşlər İdarəsi vəqfinin rəisini məhkəməyə verdi. Dəvət, namaz, oradan da məhkəmə yəni…

İstanbul bələdiyyəsinə 23 iyun 2019-cu ildə keçirilən ikinci seçkidə müxalifət bloku namizədinin 810 min fərqlə qalib gəlməsini 31 martdakı seçkinin ümumi nəticələrini də hesaba qataraq “siyasi islamdakı ikinci tektonik sınma” şəklində xarakterizə etmişdik.

O vaxtdan keçən 13 ay ərzində  “sınma”nın  Türkiyə toplumuna  nə qədər sirayət etdiyini  görə bilmək üçün 24 iyuldakı “Ayasofya”  namazından daha yaxşı  lakmus  kağızı  yox  imiş.

Namazda  “Ayasofiya”nı  məsciddən muzeyə çevirən Türkiyə Cümhuriyyətinin qurucusu  Atatürkə edilən “lənət”in dalınca dövlət başçısının oğlu  “ərəb əlifbasından  vaz keçilməsinin səhv olmasını”  gündəmə  gətirib  bunu da  siyasi  islamın  “istiqraz xanəsi”nə  yazmağı hədəfləsə də toplum  bunu   heç  də  ciddi qəbul etmədi.

Türkiyə siyasi islamının ən radikal  “fikir bazası”  olan “Akit” qəzetindən yüksələn “xilafət” səsi  siyasi islamın özünü nə dərəcədə həyəcanlandırdı- deyəsən, dərdə dəyəcək qədər həyəcanlandırmadı ki, toplumsal əks-sədasını da ölçmək mümkün olmadı.

24 iyul namazında  cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkə Dini İşlər İdarəsi vəqfinin rəisi tərəfindən edilən “lənət”i  isə toplum onun özünə qaytardı. Türkiyə siyasi islamındakı tektonik sınmanın 13 ay sonrakı  ölçümü siyasətin bu cinahındakı  proseslərin  ciddi “ərimə” mərhələsində olduğunu ortaya  çıxardı.

Bunu iqtisadi  problemlərin çox qısa müddətdə yenidən  ölkənin əsas gündəmi halına gəlməsi faktı  göstərdi. Yəni, 4 min  il  əvvəl yaranmış İslandiya saqalarında məşhur  “Allah yoxdur. Bəs kələm varmı?” dialoqu  Türkiyə siyasətinə 25 il yön vermiş  dini duyğuların  öz dominantlığını yenidən çörəyə (İslandiya saqalarında “kələm”ə olduğu kimi) tərk etdiyini gördük.

Əlbəttə, bu hal dini həssaslıqların  siyasi islamın  tədavülündən tamamilə çıxması mənasını daşımır, din siyasətə alət edildiyi müddətcə bu faktor da tədavüldə qalacaq. Söhbət  24 iyul namazının ortaya çıxardığı mənzərənin anatomik  təhlilindən və o mənzərənin bizə sunduğu nəticədən gedir.

Elə  isə gündəmin sürətlə  “çörəyə”  döndüyü vaxtda “xilafət və xəlifəlik”  gündəmdədirmi?

Şübhəniz olmasın ki, gündəmdədir və olacaq. Çünki Türkiyə siyasi islamı üçün “xilafət və xəlifəlik”   kateqorial bir anlayışdır və ən marginal hala düşsə belə ayaq üstündə qala bilmək üçün həmişə tədavüldə saxlanılacaq.(Turan.az)

 

  •  (0)
  •  (0)