Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.
Hokm.az xəbər verir ki, Lənkəran rayon Prokurorluğundan verilən məlumata görə, Lənkəran rayon Xarxatan kənd sakini 1984-cü il təvəllüdlü Bəhruz Nəsirov barəsində Rusiya Federasiyasının İstintaq Komitəsindən Baş Prokurorluq vasitəsilə Lənkəran rayon prokurorluğuna cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair beynəlxalq tapşırıq daxil olub.
Həmin beynəlxalq tapşırığın icrası ilə əlaqədar sorğular verilib və Bəhruz Nəsirovun 09.08.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazi hüdudlarını tərk edərək Rusiya Federasiyasına getməsi və geri qayıtmamasına baxmayaraq 21.04.2020-ci il tarixdən “Lənkəran Beynəlxalq Mühafizə Xidməti” MMC-də işə düzəlməsi müəyyən edilib.
“Lənkəran Beynəlxalq Mühafizə Xidməti” MMC-nin rəisi İlkin Məmmədovun Bəhruz Nəsirovun ölkə xaricində olmasına baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə bilə-bilə yalan məlumatları daxil etməklə tamah niyyəti ilə həmin şirkətə mühafizəçi kimi rəsmiləşdirməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Apa