Sən azadsan, Cəbrayıl!backend

Sən azadsan, Cəbrayıl!

1993-cü il avqustun 23-dən işğal altında olmuş, 27 il həsrətini çəkdiyimiz Cəbrayıl rayonu şücaətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən Müharibəsində işğaldan azad edilmiş rayonlarımızdan biridir. 1988-ci ildən başlayaraq rayonun “bəxtində qara zolaqların” sayı artmağa başlamışdır. O zamanlar Cəbrayılın yalnız 2 kəndində – Hərəkül və Banazurda ermənilər yaşayırdı. İnsan qiyafəsinə girmiş bu məxluqlar, hələ o zaman yaşadıqları, birlikdə çörək kəsdikləri insanlara xəyanət etmiş, durmadan təxribatlar törətməyə başlamışdılar. Cəbrayıl sakinləri uzun illər mənfur, xain düşmənlə mübarizə aparmış, öz yurdunu-yuvasını son damla qanlarınadək qorumuşlar. Lakin tarixi mədəniyyət abidələri ilə zəngin olan, Azərbaycanın dilbər guşələrindən biri-Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçdi. Ərazisi 105 min hektar olan bu rayonda işğala qədər tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. İşğal olunmuş Cəbrayıl rayonun inciləri vandal düşmən tərəfindən darmadağın edilmiş, evlər yandırılmışdır.

Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl rayonu ümumilikdə 362 nəfər şəhid vermişdir. Yusif Allahverdiyev, Samir Alıyev, Şükür Abdullayev, İnqilab Aslanov, Azər Bayramov, Mais Verdiyev, Mübariz Qasımov, Mehdi İsmayılov……Daha neçə Azərbaycan oğulları son damla qanlarına kimi öz dogma torpaqlarını müdafiə etmiş, düşmənə qarşı rəşadətlə vuruşmuşlar. 191 nəfər cəbrayıllı sağlamlığını itirdiyi üçün Qarabağ müharibəsi əlili status alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülüb: Şikar Aslanov, Kazım Məmmədov, Mətləb Quliyev kimi neçə-neçə qəhrəmanların yazdıqları, göstərdikləri şücaətlər dillər əzbəridir. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri–Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir. Rayon tarixi abidələrlə çox zəngin olmuşdur. Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır. “Canqulu” və “Qumtəpə” kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında “Şəhərcik qalıqlar”, “Qışlaq yerləri”, Diri dağındakı Mazan nənə, Mərmərnənə məqbərələri kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz” Sirik kəndindəki “Qala”, “Qala”, Diridağındakı “Qızqalası”, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüşdü. Lakin başqa ərazilərdə olduğu kimi mənfur düşmən Cəbrayılda da daşı daş üstündə qoymadı 27 ildə. Canlı tariximiz düşmən tərəfindən vəhşicəsinə məhv edildi. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda dağıdılmış abidələr sırasındadır.

Düşmən 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamaqla, nəinki həmin yerləri viran qoydu, hətda yeni-yeni xəyallar quraraq, harınlamış şəkildə daha artığına nail olmağa çalışdı. Dəfələrlə danışıqlar aparılmasına, BMT Təklükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunmasına baxmayaraq, mənfur düşmən öz tamahkar addımlarından əl çəkmədi, Azərbaycan torpaqlarını mənimsəmək üçün durmadan xaincəsinə təxribatlar törətməyə davam etdi. Baxmayaraq ki Azərbaycan daima danışıqlarda konstruktiv mövqedən çıxış etmişdir. Amma sözü gedən danışıqlar yerinə yetirilməkdikdə və dünyanın ən ali beynəlxalq orqanının qətnamələri icra edilmədikdə mənfur düşmənin qarşısının alınmasından ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başlamışdır. Noyabrın 16-da, Vətən Müharibəsinin bitməsindən 6 gün sonar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Cəbrayıl rayonunda, o cümlədən Cəbrayıl şəhərində oldu. Səfər zamanı Prezident İlham Əliyevin bayrağımızı Cəbrayıl şəhərində və tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Ötən 27 ildə hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın. Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu rəzil düşmən üzərində tarixi zəfər çaldı. Düşmənin beli qırıldı, torpaqlarımızdan qovuldu. Azərbaycanın üç rəngli bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı. Əlbəttə ki, bu bayraq torpaqlarımızda əbədi dalğalanacaqdır!

Nəriman Məcidov
Neftçala rayon sakini, müəllim

  •  (1)
  •  (0)