Şəhid polkovnikimiz Babək Səmidli Heydər Əliyevdən nə xahiş etmişdi? – Maraqlı təfərrüatbackend

Şəhid polkovnikimiz Babək Səmidli Heydər Əliyevdən nə xahiş etmişdi? – Maraqlı təfərrüat

Ulu öndər Heydər Əliyevin Türkiyədə hərbi məktəbdə oxuyarkən Birinci Hərbi Korpus Komandirinin müavini, ötən ay Suqovuşan ərazisində mina partlaması nəticəsində şəhid olmuş Göyçaylı polkovnik Babək Səmidli ilə keçirdiyi görüşlər, onların ünsiyyəti barədə maraqlı məqamları təqdim edirik.

Hokm.az xatırladır ki, Ümummilli lider Heydər Əliyev 1994-cü ildə Türkiyədə rəsmi səfərdə olarkən protokolda əvvəlcədən nəzərdə tutlmayan bir olay baş verir. Heydər Əliyev o zamankı Türkiyə prezidenti Süleyman Dəmirələ Kara Harp Okuluna getmək istədiyini bildirir. Onlar birlikdə Kara Harp Okuluna gəlir, Azərbaycandan bura oxumağa göndərilən kursantların bir yerə toplanılmasını istəyir. Görüş əvvəlcədən nəzərdə tutulmadığı üçün hamı təşviş içində olur.

Kursantlar yığılırlar, mərhum prezident Heydər Əliyev onlarla bir-bir salamlaşır, görüşür, qarşılarında çıxış edir, sonda ayrılarkən kimin nə sualı, istəyi olması ilə maraqlanır. Kursantlara müraciət edərək: “Məndən istədiyiniz nəsə varmı?” – deyə soruşur. Həmin vaxt Kara Harp Okulunda harbiyəli olan Babək Səmidli əlin qaldıraraq sözü olduğunu bildirir.

Kursant Babək Səmidli Ali Baş Komandana özünü təqdim edir.

Ali baş komandan: “Buyur Səmidli, səni dinləyirəm” – deyir.

Babək Səmidli Ali Baş Komandana Kara Harp Okulundan qovulmuş azərbaycanlı harbiyəlilərin olduğunu, onların əsgər kimi döyüşdən gəldiklərini, burada olan çox sərt nizam-intizama uşaqların uyğunlaşmasında problem olduğunu, imtahanları verə bilmədiklərinə görə məktəbdən xaric edilən kursant yoldaşlarının olduğunu məruzə edir və kömək etməsini xahiş edir.

Ali Baş Komandan Heydər Əliyev Babək Səmidlini diqqətlə dinləyəndən sonra Türkiyənin prezidenti Süleyman Dəmirələ üzün tutaraq bura göndərilən bütün harbiyəlilərin okulu bitirməsinin bizim ölkəmiz üçün çox vacib olduğunu, Azərbaycanda müharibə getdiyini, zabitlərə böyük ehtiyac olduğunu onun nəzərinə çatdırır və heç kimin qovulmamasını, qovulanların geri qaytarılmasını, nizam-intizamsızlıq edənlərin islah olunmasını, imtahanı verə bilməyənlərin yenidən oxuyub imtahan verənədək onların öyrədilməsini xahiş edir.

Süleyman Dəmirəl bununla bağlı Kara Harp Okulunun o vaxtkı rəisi general Yaşar Büyükanıta bu barədə göstəriş verir.

Bu hadisənin üstündən 6-7 il keçir. Ali Baş Komandan Heydər Əliyev Bakıda Ali Hərbi Məktəbi bitirmiş kursantların tədbirində iştirak edir və qəfildən stadiona enərək bir-bir onlara baxa-baxa keçir, qəfildən həmin vaxt Ali Hərbi Məktəbdə bölük komandiri kimi xidmət edən baş leytenant Babək Səmidlinin qarşısında ayaq saxlayır və onu haradansa xatırladığını deyir.

Babək Səmidli: “Bəli, cənab Ali Baş Komandan, düzdü, mən Türkiyədə sizin qarşınızda Kara Harp Okulunda çıxış etmişəm” – deyir.

Ali Baş komandan onu qucaqlayaraq üzünü müdafiə naziri Səfər Əbiyevə tutub deyir:

“Görürsən, Səfər? Mənim Türkiyəyə oxumaq üçün göndərdiyim gənclər bu gün ordumuzda xidmətdədirlər. Bu, məni çox sevindirir”— deyir… sfera.az

 

  •  (0)
  •  (1)