Şəhid bacısı çarəsiz durumda: “Uşağa bir qoğal almağa pulum olmur” – FOTO + VİDEObackend

Şəhid bacısı çarəsiz durumda: “Uşağa bir qoğal almağa pulum olmur” – FOTO + VİDEO

Şəhid bacısı və şəhid qardaşı 4 uşağı ilə birlikdə çıxılmaz vəziyyətdə qalıb. Onların övladlarının əməliyyata ehtiyacı var, yaşadıqları ev isə əllərindən alınıb. Əməliyyat üçün bankdan götürdükləri krediti də ödəyə bilmirlər.

Hokm.az “yeni müsavat”a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Rəmziyə Cəfərova 4 uşağı ilə çıxılmaz vəziyyətdədir. Onun həyat yoldaşı hərbçidir. 20 ilə yaxındır, orduda xidmət edir. Əslən Lənkərandan olan Rəmziyə Cəfərovanın qardaşı Natiq Tahirli 2016-cı ildə Aprel döyüşlərində şəhid olub. Rəmziyə Cəfərovanın həyat yoldaşının qardaşı Əziz Hüseynov isə 1993-cü ildə Ağdamda şəhid olub.

Ailənin 4 övladı var. Onlardan ikisi qız, ikisi isə oğlandır. Günəşin 12, Filizin isə 11 yaşı var. Əkiz olan Həsən və Hüseyn isə 3 yaş 6 aylıqdırlar. Filiz anadangəlmə xəstədir və mütəmadi olaraq müalicə almalıdır. Həsən və Hüseynin isə ürəyində qüsur var. Hər iki qardaş əməliyyat olunmalıdır. Ailə başçısı həyat yoldaşını və qızını əməliyyat etdirmək üçün bankdan kredit götürüb. Buna görə də əmək haqqından 500 manata yaxın məbləği banka ödəyir.

Cəfərovlar ailəsinin digər problemi isə 2016-cı ildə ipoteka ilə aldıqları evdən çıxarılmalarıdır.

Belə ki, ötən ilin sonlarında ipotekanı ödəyə bilmədikləri üçün evdən çıxarılıblar. Əvvəlcə onların qazı, işığı kəsilib. Sonra isə kanalizasiya xətləri bağlanıb. Ailə də məcbur qalaraq evdən çıxıb. Bu günə qədər isə ipotekaya götürdükləri ev üçün 35 min manata yaxın pul ödəyiblər.

Hazırda Sumqayıtda kirayədə yaşayan Cəfərovlar ailəsi aylıq 300 manat kirayə haqqını da ödəyə bilmir. Ailədə qazanc gətirən yeganə şəxs Rəmziyə Cəfərovanın həyat yoldaşıdır. Onun maaşının 500 manatı da məhkəmə qərarı ilə tutularaq banka ödənilir.

Cəfərovlar ailəsinin maddi dəstəyə ehtiyacı var. Qız övladları Filizin ayaqlarında problem yarandığı üçün artıq yerimək qabiliyyətini itirmək üzrədir. Həsən və Hüseynin vəziyyəti isə gün keçdikcə ağırlaşır. Ailə dəfələrlə aidiyyəti qurumlara müraciət edib. Amma hələ ki, dərdlərinə çarə olan yoxdur. Milli Məclisin sədr müavini, deputat Adil Əliyev ailəyə bir neçə dəfə maddi dəstək göstərib, uşaqların müalicəsinə kömək edib. Deputat tərəfindən yenə də bayram günlərində ailəyə ərzaq göndərilir.

Amma Cəfərovlar ailəsinin problemləri bununla həll olunmur. Onların imkanlı şəxslərin və dövlət qurumlarının köməyinə ehtiyacı var.

Ailəyə dəstək olmaq istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: 0558426848

  •  (0)
  •  (2)