Şəhid ailəsinin üzvü və müharibə veteranı Mehriban Əliyevaya müraciət etdibackend

Şəhid ailəsinin üzvü və müharibə veteranı Mehriban Əliyevaya müraciət etdi

Şəhid ailəsinin üzvü Yeganə Məmmədova, 1-ci Qarabağ müharibəsinin veteranı Təranə Həsənova Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Hokm.az-a daxil olan müraciətdə deyilir:

“​Çox hörmətli Mehriban xanım! Öncə Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edir, ailə səadəti, can sağlığı, Vətənimizin rifahı naminə möhtəşəm fəaliyyətinizdə uğurlar və tükənməz xalq sevgisi arzu edirik. Siz ümumxalq sevgisini və hörmətini qazanmış nüfuzlu ictimai və dövlət xadimi, eyni zamanda Azərbaycan qadınlarının ən parlaq nümayəndəsisiniz.

Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım!

Şəhid ailəsinin üzvü və müharibə veteranı olaraq qardaşımız Həsənov Üzeyir Nadir oğlunun işi ilə əlaqədar vətəndaşların müraciətlərinin çoxluğu səbəbindən bizim müraciətimizin Sizə çatmış olmaması narahatlığı ilə, lakin ölkə vətəndaşlarına olan xüsusi diqqətiniz, qayğıkeşliyiniz, mərhəmətiniz səbəbindən Sizə olunan müraciətlərə heç bir laqeydlik göstərmədiyinizə duyduğumuz əminlikdən təkrar olaraq müraciət edirik! Dərin mərhəmət hissiniz səbəbindən qardaşımızın səhhətinin bacı olaraq bizi necə narahat etdiyini duya biləcəyinizə ümid edərək üzümüzü Sizə tuturuq!

Dəyərli Mehriban xanım! Doğma qardaşımız Həsənov Üzeyir Nadir oğlu gənc yaşlarından sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və ömrü boyu öz doğmalarına qayğı göstərməklə yanaşı, yüzlərlə insana əl tutaraq onların dərdinə və problemlərinə şərik olmuşdur. O, həyatı boyunca ədalətli və dürüst olmaq prinsipləri əsasında yaşamış, daima ölkənin siyasi kursunu dəstəkləmiş və heç vaxt dövlətimizin əleyhinə olan bir iş görməmişdir. Lakin 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onun barəsində cinayət işi çərçivəsində ağır cinayətə görə (mənimsəmə və talama) maddələri üzrə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.

​Əziz Mehriban xanım! Qardaşımız Üzeyir heç bir halda dövlətin əmlakını mənimsəyə biləcək xarakterə sahib deyildir. O, öz fəaliyyətini daima qanuna, dürüstlüyə və etibara arxalanan prinsiplər əsasında qurmuşdur. Hər bir insanın fəaliyyətində qüsur və çatışmazlıqlar ola bilər, lakin dövlətin əmlakına qəsd etmək, talamaq – bu, mümkün deyil!

​Çox dəyərli Mehriban xanım, Sizdən xahiş edirik!

Bir neçə ailəyə qayğı və yardım göstərən, Azərbaycanın qeyrətli oğlu kimi tanınan, hər daim Azərbaycan Xalqının, Dövlətinin və Prezidentinin yanında olan qardaşımız Üzeyirin səhhətində yaranan ciddi problemləri nəzərə alaraq (şəkər, təziq və ürək çatışmazlıqları var) onun barəsində seçilmiş ən ağır həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması üçün köməklik göstərməyinizi həm bacıları, həm bu işdə bizim ailədən dəstəyini əsirgəməyən, daha əvvəl də Sizə öz imzaları ilə müraciət etmiş Şuşa ziyalılarının, yüzlərlə insanın adından xahiş edirik!

​Bizi narahat edən sadəcə doğma qardaşımızın səhhətidir. İstintaqın aparılmasından heç bir narazılığımız yoxdur. Havaların isti və ağır keçməsi, pandemiya şəraitinin hələ də davam etməsi onun səhhətini daha da ağırlaşdırmaqdadır. Qeyd etmək istəyirik ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi istintaqın gedişatına heç bir halda mane olmayacaqdır.

​Rəhm və xeyirxahlığınız qarşısında baş əyərək, inanırıq ki, bizim müraciətimizə dəstək olacaqsınız!

​Allah Sizi qorusun!”, – deyə müraciətdə bildirilir.

  •  (0)
  •  (0)