Şarl Mişel: “Azərbaycanla Ermənistan arasında dayanıqlı razılaşma prosesi başlayıb”backend

Şarl Mişel: “Azərbaycanla Ermənistan arasında dayanıqlı razılaşma prosesi başlayıb”

Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanmasının nə qədər çəkəcəyini proqnozlaşdırmaq çətindir.

Hokm.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibəsində deyib.

“Amma dekabrda Brüsseldə hər iki liderlə ilk şəxsi görüş zamanı mən hiss etdim ki, maraqlı bir addım atıldı, tərəflər bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, həmçinin prioritetləri, hər iki tərəf üçün həssas olan məsələləri daha yaxşı anlamağa meylli idilər. Bu, birinci vacib element idi. Bu arada, mənim hər iki liderlə müntəzəm telefon danışıqlarım olub. Biz bu axşamkı görüşə çox hazırlaşmışıq. Biz buna vaxt ayırdıq.

Bilirsiniz ki, nahardan əvvəl mənim hər iki liderlə ikitərəfli görüşüm oldu. Səmimi desəm, düşünürəm ki, biz çox gərgin çalışırıq, irəliləyiş var. Hər iki tərəfdə olan çağırışları və çətinlikləri gözardına vurmuram. Lakin hesab edirəm ki, irəliləyişə nail olmaq, əməkdaşlıq etmək, prioritetləri, birlikdə ata biləcəyimiz konkret addımları müəyyənləşdirmək üçün ortaq iradə var”.

Tərəflərin sülh sazişinə yaxınlaşmaları barədə suala cavabında Şarl Mişel bildirib: “Əminəm ki, bu gecə düzgün istiqamətdə mühüm bir addım atdıq. Əlbəttə, bu, hər şeyin həll olunduğu anlamına gəlmir. Lakin bu o deməkdir ki, biz irəliləyişə nail olmuşuq. Çünki biz ortaq məxrəcə gəlmək, bütün regionda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün ümid edirəm ki, mümkün qədər tez bir zamanda dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin nədən ibarət olduğunu daha yaxşı başa düşürük.

Aİ Şurasının prezidenti jurnalistlərin “proses başlayıbmı?” sualına “Proses bu gecə başlayıb”, – cavabını verib.

Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.

  •  (0)
  •  (0)