Sahil Babayevin unikal “antikorrupsiya tədbiri”backend

Sahil Babayevin unikal “antikorrupsiya tədbiri”

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev uşaq pulunun niyə verilməməsinin səbəblərini açıqlayıb. O, bildirib ki, bunun üçün böyük vəsaitlər lazımdır. Nazir uşaqpulu üçün ayrılacaq vəsaitlərin korrupsiya əməllərinə yol aça biləcəyini də istisna etməyib. S.Babayevin açıqlaması ekspertlər və ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Hokm.az xəbər verir ki, informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz bildirib ki, nazirin gətirdiyi arqumentlərin heç bir məntiqi izahı yoxdur: “Ən təəccüblüsü və absurdu isə nazirin uşaq pulu üçün meyarların müəyyənləşdirilməsinin çətin olmasını və uşaq pulu verilərkən neqativ halların, korrupsiya əməllərinin ola biləcəyini vurğulamasıdır. Məəttəl qalırsan ki, doğurdanmı bunu sosial sahəyə cavabdeh, rəqəmsallaşma və innovasiyaların tətbiqi üçün milyonlar xərclənən bir icra qurumunun rəhbəri açıqlayıb. Dərhal da nazirliyin pandemiyanın ən qızğın dövründə elektron sistemlərinin çökməsinin qarşısını almaq üçün tətbiq etdiyi “unikal metodu” xatırladım. Məlum olduğu kimi, qurumun e-social.az resursu ötən il pandemiya zamanı 190 manat üçün onlayn müraciətlərə tab gətirməyərək tez-tez çökürdü. Belə olan halda, nazirlik unikal bir “təhlükəsizlik metodu” tətbiq etmişdi, sistemin çökməsinin qarşısını almaq üçün “obedə” çıxanda və iş vaxtı bitəndə elektron sistemi “rubilnik”dən söndürürdülər. Yəni, “sistem yoxdur, problem yoxdur” yanaşması olmuşdu”.

O.Gündüzün sözlərinə görə, S.Babayevin indiki yanaşması da təxminən eynidir, korrupsiya ola bilər, ona görə uşaq pulu verilə bilməz. Uşaq pulu verilməsində korrupsiyanın olacağını arqument gətirilməsini bu qurumun problemin həllinə unikal yanaşması, analoqu olmayan “antikorrupsiya ” tədbiri kimi də dəyərləndirmək olar. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəqəmsallaşmaya, e-xidmətlərə, informasiya sistemlərinə milyonlarla vəsait xərcləyərək topladığı datalar vasitəsilə meyarlar üçün, antikorrupsiya üçün effektiv və səmərəli qərarlar, şəffaf mexanizmlər yarada bilmirsə, demək, resurslar və zaman boş yerə xərclənib. Hələ də inana bilmirəm ki, problemin həlli istiqamətində nazir bu dərəcədə ağlasığmaz bir arqument sərgiləyə bilər”.

  •  (0)
  •  (0)