Şahidlər meşə yanğınlarından danışırlar: “Dəhşətli mənəzərə idi, terror ehtimalı böyükdür”backend

Şahidlər meşə yanğınlarından danışırlar: “Dəhşətli mənəzərə idi, terror ehtimalı böyükdür”

Esmira Qasımova: “Qaldığımız otelin arxasında yanğın başladı, insanlar həyəcan içində qaçırdılar, dəhşətli anlar yaşadıq”

Vüqar Oruc: “Hər şey bir anda baş verdi, insanlar ciddi təşvişə düşdülər, hazırda vəziyyət nisbətən sabitdir”

Selman Arslanbaş: “Hadisənin terror aktı olduğunu güman edirəm, əvvəla ona görə ki…”

Xəbər verdiyimiz kimi, Türkiyədə güclü meşə yanğınları başlayıb. Rəsmi məlumatlara görə, ümumilikdə ölkə üzrə 63 yanğından 57-sini nəzarət altına almaq mümkün olub.

Meşə yanğınlarını söndürmək üçün başladılan əməliyyatlarda 3 təyyarə, 9 dron, insansız helikopter, 38 helikopter, 680 yanğınsöndürən maşın, 55 texnika və 4 min nəfər iştirak edir. Minlərlə tikilinin yanğından zərər çəkdiyi qeyd olunur.

Bu arada yanğınların terror ola biləcəyinə dair iddialar gündəmə gəlib. Türkiyənin müstəqil xarici siyasət kursu fonunda baş verənlərin gözlənilən olduğunu deyən ekspertlər hesab edirlər ki, qardaş ölkə hər bir təxribata hazır olmalıdır.

AYNA hazırda hadisə yerində olan soydaşlarımızla həmsöhbət olaraq, məsələyə aydınlıq gətirməyə çalışıb.

Hazırda Marmaris şəhərində olan tanınmış telejurnalist Esmira Qasımova:

“İstirahət üçün Türkiyədəyik. Gəldiyimiz gündən buralarda dəhşətli istilər qeydə alınırdı. Havanın temperaturu 40 dərəcəyə qədər yüksəlmişdi. Ayın 29-u günorta saatlarında qəfildən meşə yanğınları başladı. Özü də bu yanğınlar qaldığımız otelin düz arxasında baş verirdi. Hər kəs təşviş içində idi. Sanki qaldığımız otelə bomba düşmüşdü. Hamı həyəcanla qaçmağa başladı. Sözlə ifadə etmək mümkün deyil, sadəcə dəhşət idi. Otelin rəhbərliyi və müvafiq qurumlar təcili olaraq ərzini tərk etməyi tələb etdilər. Bu yöndə hazırlıqlar başladı.

Hazırda lokal yanğınlar davam edir. Türkiyənin turizm obyektlərinə səfərlərimiz zamanı tarixində ilk dəfə idi ki, təxliyə edilirdik. Lakin yenidən geri qaytardılar. Təbii ki, bir jurnalist olaraq baş verənlərə orada olan rəsmilərdən münasibət öyrənməyə çalışdım. Polis və bələdiyyə rəsmiləri hazırda araşdırmaların davam etdiyini və bu barədə açıqlama verə bilməyəcəklərini söyləsələr də, qeyd edilər ki, hər şey nəzarət altındadır.

Xüsusi olaraq vurğuladılar ki, Azərbaycan Türkiyənin yanındadır və öz dəstəyini əsirgəmir. Azərbaycan-Türkiyə qardaşlığı əbədi və dönməzdir. Biz hər zaman birlikdə olmağa məhkumuq.

Dünən gecədən yanğınların söndürülməsi istiqamətində ciddi işlərə başlanılıb. Helikopterlər göydən su tökməklə yanğını söndürməyə davam edir. Can itkisi yoxdur, inşallah olmaz da”.

Hazırda Antalyada olan “VECON CUNSLTING” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc:

Vüqar Oruc: “Əmlak bazarında böyük canlanma yaranacaq”

“Bir neçə gündür Türkiyədəyəm. Hər şey bir anda baş verdi. İlkin olaraq ciddi təşviş yaransa da, sonradan rəsmilərlə müzakirələr aparıldı və insanlar sakitləşməyə başladılar. Antalyanın 10 bölgəsində meşə yanğınları baş verib. Hüquq mühafizə orqanları və yanğınsöndürənlər meşə yanğınlarını söndürməyə çalışırlar.

Bəzi yerlərdə yanğınlar tamamilə söndürülüb. Ümumi olaraq yanğın baş verən ərazilərin təxminən 70 faizinin nəzarətə alındığı bildirilir. Hazırda istirahət mərkəzlərində sabitlikdir. Ciddi təlaş yoxdur. Qeyd etdiyim kimi, vəziyyət ümumi nəzarət altındadır.

Meşə yanğınlarının terror məqsədilə həyata keçirildiyi iddiaları yayılıb. Bununla bağlı ortada ciddi ehtimallar var. Türkiyədə indiyə qədər belə yanğınlar olmayıb. Ayrı-ayrı yerlərdə havaların isti keçməsi ilə bağlı müəyyən yanğınlar olsa da, eyni anda bu qədər ərazidə yanğınlar baş verməyib. Hazırda bu məsələ ciddi araşdırılır. Lakin bununla bağlı ortada ciddi sübutlar yoxdur. Hələlik bunlar yalnız ehtimallardır. Bütün hallarda qarşıdakı günlərdə məsələyə dəqiq aydınlıq gələcək”.

Məsələyə dair Şimali Kipr Türk Cümhuriyyətinin Kıbrıs Elm Universitetinin təsisçisi, ABŞ-ın nüfuzlu Yel Universitetinin məzunu və 2008-ci il prezident seçkilərində Barak Obamanın seçki qərargahının üzvü olmuş Selman Arslanbaşın da fikirlərini öyrənmişik. Beləliklə:

“Baş verən hadisə göstərdi ki, Türkiyə hər an terror təhlükələrinə hazır olmalıdır. Hesab edirəm ki, baş verənlər təsadüfi deyil və arxasında çox ciddi səbəblər var. Bilirsiniz ki, Türkiyə müstəqil siyasət yürüdür. Bu siyasətin mahiyyətində ilk növbədə Türkiyə dövlətinin maraqları gəlir. Bu isə öz növbəsində bəzi dairələrin narahatlığına səbəb olur. Onlar hər vəchlə Türkiyəyə təzyiq etməyə çalışırlar. Bu yolda müxtəlif üsullardan istifadə edirlər. Biz təcrübədə bunu dəfələrlə görmüşük. Türkiyəyə qarşı çox təxribatların şahidi olmuşuq. Bu yolla Türkiyəni susdura bilməyəcəklər, əksinə, Türkiyə daha da güclənəcək. Təbii ki, öz dostları, Azərbaycan kimi qardaşları ilə birlikdə.

Hadisənin terror olması ehtimalı çox yüksəkdir. Əvvəla ona görə ki, eyni anda bu qədər fərqli ərazidə meşə yanğınları Türkiyənin təcrübəsində ilkdir. Bu yanğınlar lokal xarakterli deyilsə, geniş xarakter alıbsa və Türkiyənin bu qədər düşmənləri varkən, əsas ehtimal budur. Düzdür, ortada sübutlar yoxdur. Lakin yaxın günlərdə məsələyə hüquqi aydınlıq gətiriləcək. Türkiyəyə qarşı yönələn təxribatlar nəticəsiz qalacaq. Dünyada haqq carçısı olan Türkiyəni bu yolla susdura bilməyəcəklər”.

  •  (0)
  •  (3)