“Sağlığında saymırdı, şəhid olandan sonra “Şəhid ailəsi” statusu almaq istəyir” – Şikayətbackend

“Sağlığında saymırdı, şəhid olandan sonra “Şəhid ailəsi” statusu almaq istəyir” – Şikayət

2020-ci ilin avqust ayında həyat yoldaşından boşanmaq üçün məhkəməyə ərizə verdi, yoldaşının Vətən müharibəsində şəhid olduğunu öyrəndikdən sonra boşanmaq ərizəsini geri götürüb “Şəhid ailəsi” statusu almaq üçün müraciət etdi.

Hokm.az xəbər verir ki, bu barədə Correct.az saytının redaksiyasına müraciət edən Göyçay sakini Qasımzadə Qənirə Qaflan qızı məlumat verib. O bildirib ki, atası və anası vaxtsız vəfat edən şəhid Mövsümov Fərid Zakir oğlunun həyat yoldaşı “Şəhid ailəsi” statusu almaq üçün boşanmaq ərizəsini geri götürüb və şəhidin qardaşını status almaqdan məhrum etməyə çalışıb.

Şəhid Fərid Mövsümovun bibisi olduğunu bildirən Qasımzadə Qənirə Qaflan qızının redaksiyamıza ünvanladığı şikayəti oxucularımıza təqdim edirik:

“Fərid Zakir oğlu Mövsümov 1987-ci il sentyabr ayının 19-da Göyçay şəhərində ziyalı ailəsində anadan olub. Fərid eyni zamanda mənim şagirdim olub. (Şəhidin anası da vaxtilə həmin məktəbdə müəllimə işləyib) Həm də ictimai işlərdə fəal iştirak edən gənclərdən olub. Çox istiqanlı, gülərüz, ünsiyyətçil, məğrur gənc idi. 2005-2007-ci illərdə Tərtər istiqamətində həqiqi hərbi xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra bir müddət Bakıda, sonra Rusiyada, sonra Göyçayın özündə müxtəlif işlərdə işləyib.

Fəridin atası, Mövsümov Zakir Qaflan oğlu 25 il Göyçay rayon polis şöbəsində işləyib. Birinci Qarabağ müharibəsində də polis işçisi kimi aktiv iştirak edib, döyüşlərin birində mühasirəyə alınsa da sağ qalmağı bacarıb. 2008-ci ildə o onkoloji xəstəlikdən dünyasını dəyişib. Anası Süleymanova Rəfiqə Əlibala qızı 25 il Göyçayda 3 nömrəli məktəbdə müəllimə işləyib və 2010-cu ildə o da onkoloji xəstəlikdən dünyasını dəyişib. Fəridin özündən böyük bir bacısı və bir qardaşı var. Azərbaycanda universitetə qəbul olsa da atası, anası olmadığına və maddi imkanı olmadığına görə o universitet oxuyub təhsil ala bilmədi. Sonradan 2019 –cu ildə Fərid Moskva Humanitar Universitetinin Mahaçqala filialının Hüquq fakultəsinə qəbul oldu. Orada həm də işləyirdi. Sonradan oradan işdən çıxdığına görə təhsilhaqqını ödəyə bilmədi Azərbaycana gəldi.

Fərid iyul hadisələrindən-Tovuz döyüşlərindən sonra arzulayırdı ki, kaş müharibə olsun gedib generalımızın, şəhidlərimizin qisasını alsın ermənilərdən. Hər gün bu arzu ilə yatıb qalxırdı. Özü də orduya qatılmaq üçün könüllü müraciət etmişdi. Qarabağlı olmasa da, Qarabağı ümumiyyətlə heç vaxt görməsə də çox arzu edirdi Qarabağa getməyi.

Sentyabr ayının 27-si müharibə başlayanda Fəridin arzusu həyata keçdi və o oktyabr ayının 5-i xidmətə yollandı. Apardıq Göyçay vağzalından hamımız uğurladıq, yola saldıq xidmətə. Hərbi xidmətdə olduğu müddətdə də bir dəfə əmisi oğlu Toğrul yanına gedib lazımi əşyalarını aparmışdı. Ondan sonra görüşmək, yanına getmək imkanımız olmadı. Və oktyabr ayının 16-da Füzuli istiqamətində könüllü, öz istəyilə Xüsusi Təyinatlılara qoşularaq birbaşa döyüş gedən əraziyə yollanıblar. Həmin gün də yanlarına düşən qrad mərmisinin qəlpələri nəticəsində o şəhid olub. Şəhid olandan iki həftəyə qədər onun nəşi neytral ərazidə qalıb. İki həftə ərzində cənazələri götürmək mümkün olmayıb. Oktyabrın 29-da isə bizə xəbər gəldi ki, Fərid şəhid olub. Artıq ayın 30-u onu Göyçayda şəhidlər xiyabanında dəfn etdik.

Fərid 2017-ci ildən ailə həyatı qurdu və evliliyi iki il sürdü. Artıq bir ildir ki, Fərid bizimlə bir evdə yaşayırdı. Yoldaşı ilə münasibətləri düz gəlmədiyinə görə həyat yoldaşı avqust-sentyabr aylarında boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdi. O zaman müharibə də yox idi. Müraciətində də bildirmişdi ki, barışıq müddəti qoyulmadan dərhal boşanmaq istəyirik. Sonra ayın 1-i Fəridi çağırmışdılar məhkəməyə. Onlarla münasibəti olmadığı üçün də məhkəməyə getmədi. Oktyabr ayının 1-i məhkəməyə getmədiyi üçün məhkəməni təxirə salıblar noyabr ayının 3-nə. Fərid də şəhid olduğu üçün məlum məsələdir ki, məhkəməyə gedə bilmədi.

Onlar da Fərid şəhid olan kimi dərhal gedib boşanma ərizələrini məhkəmədən geri götürüblər. İndi isə iddia edirlər ki, biz şəhid ailəsiyik. Fəridin də ailəsi, qardaşı onların şəhid ailəsi kimi tanınmasını istəmirik. Çünki heç sağlığında o Fəridlə maraqlanmırdı, heç xəbəri də yox idi Fəridin müharibəyə getməyindən. Sonradan xəbər tutdu. Sağlığında Fəridi saymayan adam indi necə onun şəhidlik adından istifadə edə bilər? Biz istəyirik ki, şəhid ailəsi statusu onun qardaşına verilsin. Çünki bacısı Rusiyada yaşayır, Azərbaycanda olan yeganə gözünün ağı-qarası qardaşı var, onun da yükü onun üzərindədir.

Şəhidin həyat yoldaşı Ucar rayon Notariat kontorunun rəisi Cəlalov Elman Əhliman oğlunun qızıdır. Qanunları yaxşı bildiyinə və yerli qurumlarla yaxşı əlaqələri olduğuna görə ərizələrini geri götürüb “Şəhid ailəsi” statusunu almaq istəyirlər. Biz bununla bağlı ölkə başçısına, birinci xanıma və aidiyyəti qurumlara da müraciət etmişik, xahiş etmişik ki, onlar şəhid ailəsi kimi tanınmasınlar.

Bizim davamız pul davası deyil, o pulla biz milyonçu olası deyilik. Sadəcə olaraq sağlığında Fəridə hörmət qoymayan bir insanın şəhid ailəsi kimi tanınmasını istəmirik. Bunu özümüzə qarşı, şəhidimizə qarşı təhqir kimi qəbul edirik. Mənəvi cəhətdən bizə çox pis təsir edir. Ona görə də bu məsələnin həll olunmasını, mətbuatda işıqlanmasını istəyirik”.

Məsələ ilə bağlı Correct.az saytına danışan vəkillər kollegiyasının üzvü Leyla Bədəlova bildirib ki, şəhidin digər ailə üzvləri şəhidin həyat yoldaşının şəhid ailəsi üzvü kimi imtiyazlardan məhrum edilməsi üçün məhkəmədə iddia qaldıra bilərlər:

“Qanunvericiliyə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaşları və bacıları, qanunla onları saxlayan şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab olunurlar.

Hazırkı işlə əlaqədar şəhidin ailə üzvləri hesab olunan digər şəxslər şəhidin arvadının ona qarşı boşanma iddiası qaldırmasını, əri şəhid olduqdan sonra ərizəsini geri götürdüyünü əsas gətirərək, onu şəhid ailəsi üzvü olmaqdan məhrum etdirə bilərdilər. Doğrudur bu qanunla mümkün deyil, çünki qanunda buna dair istisna yoxdur. Lakin məhkəmələr ədalət mühakiməsini təkcə qanunla deyil, eyni zamanda ədalətlə həyata keçirir. Hazırkı vəziyyətdə qadının hərəkəti qanunidir, lakin ədalətli deyil. Çünki faktiki olaraq həmin xanımın niyyəti boşanma olub. Təbii ki, burada qadının boşanma səbəbi, sonradan həmin səbəbin aradan qalxması kimi hallar sübut olunarsa o zaman tamam başqa. Şəhidin ailə üzvü olan arvadının niyyəti burada ən önəmli məqamdır.

O ki qaldı digər ailə üzvlərinə, əgər şəhidin arvadından başqa həyatda olan digər ailə üzvləri varsa, şəhidə qarşı boşanma niyyətində olan, lakin şəhid olduqdan sonra boşanmaqdan imtina edən arvadına qarşı iddia qaldırmalı, onun şəhid ailəsi üzvü kimi alacağı imtiyazlardan məhrum edilməsi üçün məhkəməyə müraciət etməlidir”.

Qeyd edək ki, şəhid Mövsümov Fərid Zakir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Məsələ ilə bağlı adları çəkilən qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Redaksiyamıza təqdim edilən sənədləri oxucularımıza təqdim edirik:

  •  (0)
  •  (2)