Rusiya sülhməramlı kontingentinin bir hissəsinin Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarıldığı iddia olunur. Bu barədə sosial şəbəkələrdə müvafiq videolar yayılıb. Çəkilən kadrlarda sülhməramlı kontingentinin texnika və şəxsi heyətinin Laçın dəhlizində hərəkəti müşahidə olunub. Erməni mediası da iddia edir ki, Qarabağda olan rus sülhməramlı kontingentinin bir hissəsi çıxarılaraq Ukraynaya göndərilib.
Məsələ ilə bağlı hərbi analitik Ədalət Verdiyevin fikirlərini öyrəndik. Analitik Demokrat.az- a açıqlamasında xəbərin doğru olduğunu təsdiqlədi:

“Təbii ki, belə bir siqnallar mövcuddur. Artıq rus sülhməramlılarının bir hissəsinin Qarabağdan çıxarılaraq Gümrü bazasına, oradan isə Ukraynaya göndərilməsinə dair müəyyən siqnallar var. Bu heyətdən isə bəziləri Ukraynada əsir düşüb və hətta bununla bağlı sosial şəbəkələrdə də kadrlara rast gəlmişik. Hesab edirəm ki, burada qeyri-real olacaq heç bir şey yoxdur. Çünki göründüyü kimi, Rusiya Ukraynada apardığı hərbi əməliyyatlarda kifayət qədər ciddi insan və texnika itkisi ilə qarşılaşıb. Odur ki, Rusiyanın Qarabağda, Ermənistanda və digər ərazilərdə olan sülhməramlı qüvvələrin bir hissəsini döyüş əməliyyatlarına cəlb etməsi normal qarşılanmalıdır”.
















