Rubl və lirə ucuzlaşdı: bəs, manat?.. – Şərhbackend

Rubl və lirə ucuzlaşdı: bəs, manat?.. – Şərh

Qlobal valyuta bazarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunmaqdadır. Avro da dollara nisbətən dəyər itirməkdədir. Bir müddət əvvəl 1 avro almaq üçün 1.20 dollar ödəmək lazım idisə, indi məzənnə 1.18 dollara qədər azalıb. Bugünkü birja nəticələrində dollar demək olar, bütün səbət valyutalara nisbətən möhkəmlənib.

Hokm.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, Türkiyə lirəsindən sonra şimal qonşumuzda da milli valyuta dollar qarşısında dəyərsizləşib:

“Belə ki, 1 həftə öncə 1 dollar üçün 72 rubl ödəmək lazım idisə, indi bu rəqəm 76 rubladək dəyişib. Dolların səbət valyutalara nisbətən dəyər qazanması Birləşmiş Ştatlarda yeni fiskal stimullaşdırma paketi hazırlanması və Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti normallaşdırmaq cəhdləri ilə bağlıdır.

Bu arada “Fitç” agentliyi ABŞ üçün 2021-ci ildə iqtisadi artım proqnozunu 4.5 faizdən 6.2 faizədək yüksəldib. Bununla yanaşı bir sıra ölkələrdə, o cümlədən Rusiya və Türkiyədə milli valyutaların ABŞ puluna nisbətən ucuzlaşmasının yerli spesifik səbəbləri də var.

Azərbaycanda valyuta bazarında Mərkəzi Bankın intervensiyası hələ də həlledici olaraq qalmaqdadır. Bu baxımdan qlobal valyuta bazarındakı dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

  •  (0)
  •  (0)