Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb.
Hokm.az-ın xəbərinə görə, toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb.
O deyib ki, yığıncaqda AKİ-in yeni sədri seçilməlidir. A.Rzayev ittifaqın sədrliyinə Xalq artisti Rasim Balayev namizədliyinin irəli sürüldüyünü söyləyib.
Xalq yazıçısı seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib. Onun təklifi qəbul olunub.
Açıq səsvermə ilə Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib.
Bundan başqa, iclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi, onun məqalələrinin toplusunun dərci, barəsində sənədli filmin çəkilməsi, Kino Muzeyinin yaradılması məsələləri də müzakirə olunur.
Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə R.Balayev kiçik rollarda da oynayıb. O, “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə epizodik rol oynayıb. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib.
Xatırladaq ki, AKİ sədri R.İbrahimbəyov bu il martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində 83 yaşında vəfat edib. Onun cənazəsi Bakıya gətirilib və martın 16-da I Fəxri xiyabanda torpağa tapşırılıb.