Ramiz Zeynalovun “Formula” qazancı- hərəkətin iflic olduğu şəhərdə kütləvi “avtobus zolağı” cərimələri…backend

Ramiz Zeynalovun “Formula” qazancı- hərəkətin iflic olduğu şəhərdə kütləvi “avtobus zolağı” cərimələri…

Səhəri çox “xoş” xəbərlə açdım. Mənə DYP tərəfindın 40 manatlıq cərimə olunduğuma dair mesaj gəlib. Girib “Asanpay”dan baxdım görək hansı cəriməni etmişəm. Heç nə aydın olmadı.

Mənim maşınımın fotosu var, sonra xətti kəsən başqa bir maşının şəkilini mənə göndəriblər. Yalnız aydın olan odur ki, mən dünən (11. 06.2022-ci ildə) Ə. Əbdülrəhimov küçəsi ilə Atatürk prospektinin kəsişməsində xətaya yol vermişəm.

DYP ilə bağlı bir tənqidi status yazan kimi həmin qurumun ən yuxarı səviyyəli şəxsləri tərəfindən adama zəng edirlər. Özlərini hər zamam haqlı olduqlarını sübut etməyə çalışırlar. Sonda isə statusu silməyi xahiş edirlər. Ən maraqlısı budur ki, heç vaxt öz səhvlərini etiraf etmirlər.

Pandemiya zamanı mənə işıqforu qırmızı işıqda keçdiyimə dair cərimə yazılmışdı. Ən maraqlısı bu idi ki, həmin xətanı mən protokolda qeyd edən gün deyil, bir neçə gün əvvəl etmişdim. Cəriməni ödəyib, bunlardan şikayət etdim.

Hörmətli Vaqif Əsədov məni idarəyə dəvət etdi. Kameralara nəzarət edən şöbəyə əslən Şərurdan olan Mamoş Şirəliyevin adını bilmədiyim oğlu rəhbərlik edir.

Mənə onun işçiləri dedi ki, ayıb deyil öz yerlindən şikayət edirsən. Mənimlə ”razborkaya” bənzər söhbəti özünü həmin şöbənin müavini kimi təqdim edən əslən naxçıvanlı olan Məhiyyəddin adlı bir müavin apardı.

Bunlara təəccüblü gələn o idi ki, mən cəriməni ödəyə-ödəyə niyə şikayət edirəm? İzah etdim ki, qırmızı işıqdan istənilən vaxt keçmək mənim xətamdı, ona görə də cəriməni ödəməliyəm. Ancaq cəriməni düz tərtib etmək, xətanın vaxtını düzgün müəyyən etmək də sizin işinizdir.

İki il əvvəl həmin bu Məhiyyəddin müəllim mənə nömrəsini verdi ki, belə anlaşılmazlıqlar olanda onunla dəqiqləşdirim. Mənə gələn cərimədə heç nə aydın olmadığı üçün fotoları onun vatsapına göndərdim. Həmin dəqiqə cavab verdi ki, avtobus üçün ayrılan zolaqda hərəkət etdiyim üçün, hər şey düz yazılıb. Bunu araşdırıb mənə demədi. Xətanın maddəsinə baxıb bildirdi.

Dedim ki, avtobus zolağında hərəkətə görə, cərimənin yazılmasının qanuni olub-olmadığının özü hələ mübahisəli mövzudur. Ancaq sizin göndərdiyiniz fotolarda mənə qayda pozduğum sübut olunmur. Bilirsiniz nə cavab verdi: “Gələrsən, 108-ci otağa sənə göstərərlər”.

Yəni adam məsələnin mahiyyətinə varmadan, bəri başdan özlərini haqlı sayır. Şəhərdə nəqliyyatın hərəkəti “Formula”ya görə tam iflic olduğu bir halda, həftə sonu kiminsə avtobus zolağı xəttini taptaladığına görə ucdantutma cərimə göndərmək hansı məntiqə sığır?

Olmazmı ki, heç olmasa belə gərgin günlərdə əhaliyə balaca da olsa güzəşt edəsiniz? Bir daha xatırladıram, hələ mənə hansısa xətanı edib-etmədiyim tam aydın deyil.

Az qala 30 ildir ki, DYP-yə rəhbərlik edən Ramiz Zeynalov elə sistem yaradıb ki, etdiyin şikayətlərdə onların qarşısında heç kim özünü haqlı çıxara bilmir. Fikirləşirlər ki, 40 manat nə puldu ki, ondan ötəri əziyyət çəkib, möhtəbər sübut toplasınlar. Göndərirksə, deməli, ödəməlidirlər.

Onları bilmirəm, ancaq bizim üçün çox böyük puldur. Çünki bir jurnalistin büdcəsindən 40 manatı qapazlamaq, onun belini qırmağa bərabərdi. Çünki bizim bahalı nömrə satmaq, imtaham verməyi bacarmayanlara sürücülük vəsiqələrini satmaq, mesaj vasitəsilə texniki baxış xidmətindən külli miqdara pul qazanmaq, 40 manatlıq rüsum nəzərdə tutulduğu halda, avtomobili 400 manata addan-ada keçirmək və bunlar kimi bir çox başqa səlahiyyətimiz yoxdur…

  •  (0)
  •  (0)