“Vəkilim məhkəmədə iştirak edir deyə, özümün iştirakına ehtiyac duymuram”.
Bu sözləri Qaynarinfo-ya “Rafael Cəbrayılov işi”ndə zərərçəkən qismində tanınan Təranə Fətəliyeva deyib. O əlavə edib ki, məhkəmə ilə hər hansı problemi yoxdur:
“Mən bu işdə zərərçəkənəm, nə problem olacaq ki? Sadəcə bu işi vəkilimə tapşırmışam. Yox əgər mənim də iştirakım vacibdirsə, əlbəttə ki, iştirak edib ifadəmi verəcəm”.
Məlumat üçün qeyd edək ki, ötən prosesdə iş üzrə iki zərərçəkənin – Təranə Fətəliyeva və Vidadi Məmmədovun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılıb.
Rafael Cəbrayılovun hüquqi varisi olan xanımı Aidə Cəbrayılovanın vəkili Vüqar Kazımov Qaynarinfo-ya bildirib ki, Vidadi Məmmədovla bu barədə danışıb: “Soruşdum ki, məhkəməyə niyə gəlmirsən? Cavab verdi ki, ona bu barədə bildiriş göndərilməyib. Yəni, məhkəmədən xəbəri olmayıb.
Vüqar Kazımov həmçinin özünün və Aidə Cəbrayılovanın bu gün keçirilməli olan prosesə hansı səbəbdən gəlməməsinə aydınlıq gətirib: “Qardaşım rəhmətə getdiyi üçün hakimdən prosesin təxirə salınmasını xahiş etmişik. Mən məhkəmədə iştirak edə bilmədiyim üçün, təbii olaraq Aidə xanım da qatılmayıb”.
Bu gün keçirilməli olan proses martın 31-nə təxirə salınıb. Yayılan xəbərlərdə prosesin təxirə salınması təqsirləndirilən şəxsin nümayəndəsi və hüquqi varisinin, eyni zamanda zərərçəkmişin məhkəməyə gəlməməsi ilə izah edilib.
Qeyd edək ki, uttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rafael Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişdiyi üçün məhkəmədə onu hüquqi varisi Aidə Cəbrayılova təmsil edir.
“Rafael Cəbrayılov işi” Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatındadır.
















