“Yoluxmanın azalmasına arxayın olub, tez-tələsik quru sərhədləri açmağa ehtiyac yoxdur”.
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O, qeyd edib ki, bu məsələlərdə Operativ Qərargahın qərarlarını gözləmək lazımdır:
“Bu məsələlərə səlahiyyət sahibi Operativ Qərargahdır. Operativ Qərargah da kifayət qədər peşəkar fəaliyyətini ortaya qoyub. Onun çıxarmış olduğu qərarlar, verdiyi tövsiyələr hər zaman özünü doğruldub. Ona görə də, darıxmadan onun tövsiyəsini və atacağı addımları gözləmək lazımdır”.
Deputatın sözlərinə görə, pandemiya hələ bitmədiyi üçün bu cür qərarlar verərkən diqqətli olmaq lazımdır:
“Pandemiyada hələ də davam edir, yoluxma qalxır-enir. Bu günlərdə yenə də az da olsa, yoluxanların sayı artdı. Ətrafımızda o proseslər gedir, yoluxmaların sayı çoxalır, dünyada hələ qalır, aradan qalxmayıb. Bu məsələdə çox diqqətli olmalıyıq. İndiyədək gətirib bu səviyyəyə çatdırmışıq, yoluxmanın aradan qaldırılması imkanlarına malikik. Amma buna arxayın olub, ehtiyac olmadan tez quru sərhədləri açmağa ehtiyac yoxdur. Mənə elə gəlir ki, bu məsələlər Operativ Qərargah səviyyəsində yüksək peşəkarlıqla təhlil olunur, sonra nəticə çıxarılaraq addımlar atılır.
Xalqımıza da müraciətim xahişim, tövsiyəm odur ki, Operativ Qərargahın qərarlarına hörmətlə yanaşaq və onu gözləyək”.
F.Ağamalı yeni yayılan meymunçiçəyi virusu haqda danışıb:
“İndi yeni virus yaranıb, şükür ki, bizdə hələ ki, yoxdur. Məndə olan məlumata görə, ətraf dövlətlərdə də yoxdur. Daha çox sıx əlaqədə olduğumuz Türkiyədə də bu yaxınlarda Səhiyyə naziri çıxış etdi, dedi ki, belə bir şey yoxdur. Hər halda gözləyək, ümid edək ki, bizdə yayılmayacaq, bu virusdan uzaq olacağıq”.