Qoşulmama Hərəkatının hüquqi bazasını təşkil edən Bandunq prinsiplərinin təşviqinə Azərbaycan öz töhfəsini verməyə çalışırbackend

Qoşulmama Hərəkatının hüquqi bazasını təşkil edən Bandunq prinsiplərinin təşviqinə Azərbaycan öz töhfəsini verməyə çalışır

Bildiyiniz kimi, bu ilin iyun ayının 30-da keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında Prezident İlham Əliyev çıxış etmişdir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisatdır. Bu təşkilatın Parlament Şəbəkəsi ilə yanaşı Gənclər Şəbəkəsi də vardır. Hər iki şəbəkə Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

Bu Hərəkata sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyildir. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və Prezident İlham Əliyevin fəaliyyətinə verilən yüksək qiymətdir.

Qoşulmama Hərəkatının hüquqi bazasını təşkil edən Bandunq prinsiplərinin təşviqinə Azərbaycan öz töhfəsini verməyə çalışır. Bandunq prinsipləri ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi Azərbaycan tərəfindən qəbul edilir. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə bu hərəkatın əsas prinsipləridir.

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü və dövlətimiz beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Ilkin addımlardan biri kimi Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi göstərilə bilər. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir. Eyni zamanda, Azərbaycan tərəfindən hazırlanmış ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olunmaqla bərabər, yüksək səviyyəli təşəbbüs kimi dəyərləndirilimişdir.

Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərmiş. həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunmuş və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv olan dövlətlərə birbaşa verilmişdir. Pandemiya zamanı Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri olmuşdur.

Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmışdır və bundan sonra da həmin mübarizənin önündə olan dövlətlərdən biri olacaqdır.

Qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının üzv dövlətləri həmişə Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləmişlər. Hərəkatda təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı bloklayaraq, ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Çünki Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi.

Prezident İlham Əliyev demişdir: “Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Azərbaycan xalqı təqribən 30 il ərzində gözləyirdi ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür”.

Məlumdur ki, 44 gün sürən Vətən müharibəsi nəticəsində 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqi idi və əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi.

Bəzi dövlət başçıları nəhayət başa düşməlidirlər ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, həm də çox ciddi qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması demək idi.

Bu Hərəkat təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, həm də beynəlxalq arenada daha fəal rol oynamaq üçün bir platformadır. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına yönəlmişdir.

Parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı əhəmiyyətli vəzifədir. Bakıda keçirilən bu tədbir təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaqdır.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

  •  (0)
  •  (0)