“Qol-qola, söhbət edə-edə bloka giriblər, düz on iki dəqiqədən sonra…” – İntihar yerindən reportajbackend

“Qol-qola, söhbət edə-edə bloka giriblər, düz on iki dəqiqədən sonra…” – İntihar yerindən reportaj

Qobu qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri olan iki yeniyetmə qızın özlərini Lökbatan qəsəbəsində yerləşən 9-mərtəbəli yaşayış binalarından birindən ataraq intihar etməsi ictimaiyyəti sarsıtdı. Xəbər verildiyi kimi, həyatları faciəli sonluqla bitən 2005-ci il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı və 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı rəfiqə olublar. Onların özlərini binanın damından atmasının bəzi təfərrüatları məlum olub. Belə ki, Virtualaz.org-un əməkdaşları intihar hadisəsinin baş verdiyi əraziyə gedib şahidlərlə söhbətləşiblər.
Hadisənin baş verdiyi bina təxminən altı il əvvəl istifadəyə verilib. Bir-birinin yaxınlığında yerləşən doqquzmərtəbəli binaların giriş qapıları kodlaşdırılıb. Bina sakinlərinin dediklərinə görə, bəzi binaların lift şaxtalarının ətrafı dəmir barmaqlıqlarla hasarlanıb. İntiharın baş verdiyi blokda isə lift şaxtası açıq vəziyyətdə olub.
“Bütün binaların girişində kameralar quraşdırılıb. Kamera görüntülərinə mən də baxdım. Həyəti süpürən xadimələrdən biri qapını açır, bloka daxil olur. Onun arxasınca qızlar qol-qola girib, söhbət edə-edə qapıdan içəri girirlər. Düz on iki dəqiqədən sonra isə intihar edirlər”- hazırda istintaq getdiyindən adını söyləmək istəməyən yaşlı bina sakini deyib. Əlavə edib ki, qızların yalnız birinin çantasında mobil telefon olub. Kamera qeydləri, qızların əşyaları polis əməkdaşları tərəfindən götürülüb.
Digər bina sakini isə deyib ki, qızların intihar üçün bu bloku seçməsi təsadüfə oxşamır. Çünki onlar diqqət çəkmədən binaya daxil olublar, doqquzuncu mərtəbəyə qədər qalxa biliblər. Əvvəlcə biri (16 yaşlı Mətanət Quliyevanı nəzərdə tutur-red.) yerə çırpılıb. Onun ardınca isə digəri özünü atıb.
“Qəfildən tappıltı səsi gəldi. Qız bu gördüyünüz yerə çırpıldı. Həmin vaxt həyətdə valideynlər azyaşlı, körpə uşaqlarını gəzdirirdilər. Hamı sanki birdən-birə şoka düşdü. Ardınca digər bir qız da yerə çarpıldı. Yerimizdəcə donub qalmışdıq. Heç birimiz bu qızları tanımırıq. Kim olduqlarını, niyə özlərini damdan atdıqlarını bilmirdik. Deyirlər ki, guya hündürlüyə çıxıb tik-tok üçün video çəkirmişlər. Amma telefon qızın çantasında qalmışdı. Sonradan dedilər ki, qızlardan biri dəftərinə “depressiyadayam” yazıbmış. Amma o qarışıqlıqda kim onların dəftər-kitabına baxdı, yazılanları necə oxudu bilmədim”,-sakin deyib.
Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib. Həmin əraziyə kənar şəxslərin daxil olmaması tapşırılıb. Sakinlər onu da deyiblər ki, dünəndən hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilir.
“Deyirlər ki, qızlardan biri intihar etmək istəyib, digəri ona mane olmağa çalışıb. Amma heç kim baş verənlərin səbəbini bilmir, çünki kamera görüntülərində diqqət çəkən heç nə yoxdur. Mən beş ilə yaxındır bu binada yaşayıram. Hələ bir dəfə də olsun binanın damına çıxmamışam. Qızlar həmin yeri açıq olduğunu haradan bilirmişlər? Bəlkə əvvəldən bu bloka gəliblər? Deyilənlərə görə, kamera görüntüləri qısa müddəti yaddaşda saxlayır”,-sakinlərdən biri söhbətində əlavə edib.
İntihar edən qızların ailəsini  tanıyanlardan biri virtualaz.org-a açıqlamasında bildirib ki, hər iki yeniyetmə dərslərini yaxşı oxuyub, ali məktəbə birlikdə hazırlaşırblar. “Hər iki ailə Qobuda, qızların təhsil aldıqları məktəbin yaxınlığında yaşayır. Əfruz evin tək övladıdır, anası bağçada çalışır, heç kimlə problemi olmayan biridir. Əfruzun həm də yaxşı əl qabiliyyəti vardı, sinif yoldaşları arasında hörməti olub.  Buna görə də baş verən hadisədən təkcə ailəsi deyil, onu tanıyan hər kəs, dostları, müəllimləri şoka düşüb. Mətanətin atası neft sahəsində çalışır, anası da işləyir, ailədə 3 uşaq böyüyüb. Yəni hər ikisinin maddi problemlərə, ya təhsilə  görə intihar etmələri mümkün deyil”,-həmin mənbə bildirib.
İntihar edən yeniyetmələr bu gün torpağa tapşırılıb. Ailələri gərgin olduqlarından jurnalistlərlə görüşməkdən imtina ediblər, çəkiliş aparılmasına icazə verilməyib.
  •  (0)
  •  (0)