QƏHRƏMANLARIMIZI TANIYAQ- Mirzəzadə Sadiq-VİDEObackend

QƏHRƏMANLARIMIZI TANIYAQ- Mirzəzadə Sadiq-VİDEO

Sadiq Balaşirin oğlu Mirzəzadə 1994-cü ildə Lerik rayonunun Mastail kəndində, ziyalı ailəsində anadan olmuşdur. Atası Balaşirin müəllim kənd məktəbində müəllim, Rayon Peşə məktəbinin direktoru, Rayon Təhsil şöbəsinin müdiri işləmiş, hal-hazırda isə Lerik şəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışır.

Anası Təranə xanım isə kənd uşaq bağçasının müdiri vəzifəsində işləyir. Sadiqin uşaqlıq illəri doğulduğu Mastail kəndinə keçmişdir. Ailədə 3 qardaş olmaqla 5 nəfər olublar. Sadiq orta təhsilini başa vurduqdan sonra Odlar Yurdu Universitetinin dünya iqtisadiyyatı fakültəsini bitirmişdir. 2015-ci ilin oktyabr ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq cəbhə bölgəsinə yola salınır. Xidməti borcunu ön cəbhədə artilleriya qoşunlarında yerinə yetirmiş, 2016-ci ildə baş vermiş Aprel döyüşlərinin iştirakçısı olmuşdur.

Sadiq hələ tələbəlik illərindən YAP-ın fəal üzvü kimi Xətai rayon YAP Gənclər Birliyinin üzvü olmuşdur. YAP-ın bütün tədbirlərində səylə iştirak etmiş, 2019-cu ildə isə Xətai rayon YAP Gənclər Birliyinin sədr müavini seçilmişdir. Sadiq əmək fəaliyyətinə 2019-cu ilin noyabr ayından “Veysəloğlu” şirkətində, daxili nəzarət şöbəsində başlamışdır.

Dövlət qulluğuna DİM-in 2018-ci ildə keçirdiyi imtahada iştirak etmiş və imtahanı uğurla verərək sertifikat almışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi vakant yer elan edəndə Sadiq də ərizə ilə müraciət etmiş, lakin cəbhəyə yollandığından noyabrın 11-ə nəzərdə tutulmuş imtahanda iştirak edə bilməmişdir. Vətəni qorumağın hər şeydən öndə olduğunu dərk edən Sadiqin son sözü bu olub ki, “imtahanda hər zaman iştirak edə bilərəm. Bu gün müharibə imtahandan da vacibdir”.

27 sentyabr 2020-ci il tarixində qüdrətli ordumuzun erməni işğalçılarına qarşı əks hücuma keçdiyi vaxt Ali Baş Komandanın imzaladığı qismən səfərbərlik sərəncamına əsasən Sadiq də Bakı şəhəri, Xətai rayon komissarlığına çağırılmış və 30 sentyabr 2020-ci il tarixində müharibəyə yola düşdmüşdür. İgid əsgərimiz hal-hazırda da vətənin keşiyində ön cəbhədə qulluqdadır.

Tərtər, Ağdərə və Kəlbəcər istiqamətində piyada qoşunlarının Xüsusi təlimli bölümdə igidliklə döyüşmüşdür. 44 gün davam edən döyüşlər zamanı onunla əlaqə saxlayanda: “Danışmağa vaxt yoxdur, hər şey əla gedir. Ordumuz irəliləyir. Düşmənə qan uddururuq. Axırıncı ermənini də torpağımızdan qovmayınca, geri qayıtmayacağam. Çünki bu itləri qovmaq Ali Baş Komandanımızın əmridir”, – deyərdi. Məhz bu səbəbdən də Sadiq hələ də döyüş zonasındadır. Allah igid əsgərimizi qorusun.

  •  (0)
  •  (0)