“Qəbələyə apara bilərəm, icazəni özümüz həll edərik” – Rayonlara gediş-gəlişlə bağlı ARAŞDIRMAbackend

“Qəbələyə apara bilərəm, icazəni özümüz həll edərik” – Rayonlara gediş-gəlişlə bağlı ARAŞDIRMA

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində karantin rejimi davam etdiyi üçün regionlara gediş-gəliş hələ də qadağandır.

Hokm.az xəbər verir ki, yalnız icazəsi olanlar regionlara gedib-gələ bilər.

Hazırda yay mövsümünün sonu olduğuna görə, insanların vaxtını səmərəli keçirməsi və istirahət etməsi üçün şərait yaranıb. Maraqlı məqam isə ondan ibarətdir ki, regionlarda günlük kirayə mənzil və hotellərdə yer tapılmır. Şəhəri tərk edə bilməyənlər belə, bir yolunu tapıb istirahət üçün Qubaya, Qəbələyə, Nabrana və s. yollana bilirlər.

Qubada makler fəaliyyəti ilə məşğul olan Veysəl Mirzəliyev Qazet.az-a açıqlamasında bildirib ki, hazırda Quba rayonunda günlük kirayə ev tapmaq müşkülə çevrilib.

“Xeyli sayda qonaq var. Günlük qiymətlər 20 manatla 250 manat arasında dəyişir. Hotellər də var, günlük kirayə evlər və villalar da”, – deyə V. Mirzəliyev bildirib.

İcazəsi olmayan şəxslər isə istirahətə yollanmaq üçün taksilərdən istifadə edir. Bir qədər əlavə ödəniş etməklə icazəsi olmayan şəxslər istədikləri ünvana gedə bilirlər.

Taksi sürücüsü Əli Quliyev (ad və soyad şərtidir) isə zəngimizə cavab olaraq qeyd edib ki, icazənin olub-olmamasının heç bir önəmi yoxdur.

“Qəbələyə apara bilərəm. İcazəni özümüz həll edəcəyik”, – deyə taksi sürücüsü bildirib.

Mövzu ilə bağlı qazet.az-ın araşdırması onu deməyə əsas verir ki, mövcud vəziyyətdə regionlara gediş-gəlişlə bağlı nəzarət mexanizmində boşluqlar kifayət qədərdir. Ya polis sürücü ilə əlbir olur, ya torpaq yollardan istifadə edilir, ya da, necə deyərlər: “Pulun aça bilmədiyi qapı yoxdur”.

Hər halda, aidiyyatı qurumlar postlarda və regionlarda fəaliyyətlərini daha da gücləndirməlidir. Verilən qərarlar isə şəxsin kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəsə şamil edilməlidir.

  •  (2)
  •  (3)