Qarabağın azad olunmuş “ilk qaranquşu”backend

Qarabağın azad olunmuş “ilk qaranquşu”

Birinci Qarabağ müharibəsi zamanı işğal olunan rayonlardan biri də Cəbrayıl rayonu idi. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində rayona 13,9 milyard ABŞ dolları məbləğində ziyan dəymiş, rayondan məcburi şəkildə didərgin düşmüş sakinlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar. Ərazisi 1050 km2, əhalisi 52 min nəfər olan Cəbrayıl rayonunda işğal zamanı 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd vəhşicəsinə dağıdılmış və yerlə-yeksan edilmişdir. Bu rayondan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Rayon ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Aqrar rayon olduğu üçün işğal olunnana qədər əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdular. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi və Quşçuluq fabriki fəaliyyət göstərirdi.

Cəbrayıl rayonu ərazisində olan maddi-mədəni abidələr erməni vandalları tərəfindən ciddi ziyana məruz qalmışdır. Belə ki, rayonun Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

İlk dəfə 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Cəbrayıl rayonu ərazisindəki Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdir. Bu şanlı Azərbaycan ordusunun Zəfər səlnaməsinə yazdığı birinci mühüm qələbə idi.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edilmişdir. Cəbrayıl rayonun işğaldan azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratdı.

2020-ci il noyabrın 16-da – Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Çünki xalqımızın mənəviyyatında və tarixində dərin iz buraxan Xudafərin həm də bir milli qürur məsələsidir.

Azərbaycan Prezidentinin tapşırığı ilə 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Bu günə qədər Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın şərəfli tarixidir. Çünki Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Son iki yüz il ərzində biz ancaq torpaq itirmişdik. Lakin Cəbrayılın azad olunması Milli Şərəf tariximizin “ilk qaranquşu” oldu. Belə bir qüruru və şərəfi bizə yaşatdıqları üçün Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan ordusu ilə fəxr edirik.

Zaur Abbasov — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, rayonun fəal gənci

  •  (0)
  •  (0)