“Ermənistan tərəfinin Qarabağ ərazisinə yenidən hərbçiləri daşımaq cəhdləri birbaşa olaraq Rusiya sülhməramlılarının ərazidə öz funksiyalarını tam yerinə yetirməmələri ilə əlaqədardır”.
Bunu milli.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, sülhməramlıların fəaliyyətlərindəki bu boşluqlar Qarabağda münaqişənin yenidən alovlanması üçün şərait yaradır:
“Artıq üzərindən 4 ay keçməsinə baxmayaraq biz hələ də Rusiya sülhməramlılarından onların Qarabağdan çıxardığı erməni silahlılarının sayına aid bir dəfə də olsun heç bir bəyanata və ya vizual görüntüyə rast gəlməmişik. Bu isə onların öz vəzifə borclarını yerinə yetirməsinə və üçtərəfli bəyanatın şərtlərinin müzakirəsiz olaraq həyata keçirilməsinə böyük maneələr törədir. Nəzərə alsaq ki, sülhməramlıların fəaliyyət göstərdiyi ərazilər, o cümlədən Laçın dəhlizi Azərbaycan ərazisidir və onların həmin ərazilərdə fəaliyyət göstərməsinə yalnız Azərbaycan icazə verib və onlar da öz funksiyalarını doğru-dürüst yerinə yetirmirsə, o zaman Azərbaycan bu məsələnin fərqli formatda həllini tələb edə bilər.

Eyni zamanda Qarabağ ərazisində aşkar müşahidə olunan erməni silahlılarının, o cümlədən silahla dolaşan mülki şəxslərdən silahların yığılması, həmin silahlıların ərazidən uzaqlaşdırılması üçün Azərbaycanın yeni irimiqyaslı antiterror əməliyyatına başlamaq ehtimalı artır. Başqa sözlə desək, sülhməramlıların fəaliyyətlərindəki bu boşluqlar Qarabağda münaqişənin yenidən alovlanması üçün münbit şərait yaradır. Əgər Ermənistan hakimiyyəti sülhməramlıların fəaliyyətinin tam həcmdə yerinə yetirdiyindən əmin olsa, heç bir zaman o ərazilərə öz “əsgərlərini” göndərməyə cəhd etməz. Ona görə də, bu fəaliyyətlərin baş verməsində məsuliyyətin bir hissəsi Ermənistan siyasi hakimiyyətinin, digəri isə sülhməramlı kontingentin rəhbərliyinin üzərinə düşür”.
















