“Qarabağda Türkiyə bazalarının yaradılmasına hələ ehtiyac yoxdur” – Polkovnik Ramaldanovbackend

“Qarabağda Türkiyə bazalarının yaradılmasına hələ ehtiyac yoxdur” – Polkovnik Ramaldanov

Bu bəyannaməni həm Azərbaycanın təhlükəsizliyinin, həm regiondakı çəkisinin, həm də bütün məsələlər üzrə sabitliyinin təminatı kimi qəbul etmək olar. Dünən imzalanan bəyannamə Qarabağdakı hərbi məsələlərlə bağlı bütün suallara aydınlıq gətirdi. Bu bəyannamənin imzalanması bütün məsələlərin hüquqi baxımdan həll olunması deməkdir”.

Bu sözləri demokrat.az-a açıqlamasında  hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan və Türkiyə dövlət başçılarının Şuşada imzaladıqları bəyannamə ilə bağlı danışarkən deyib.

O, yeni bəyannamənin imzalanması ilə Qarabağla bağlı bütün suallara aydınlıq gəldiyini bildirib:

“Şuşa bəyannaməsinin imzalanması ilə Türkiyənin bütün məsələlərdə Azərbaycanın yanında olması öz hüquqi əksini tapdı. Qardaş ölkə istənilən zaman hansı formada olur-olsun Azərbaycanın yanında ola bilər, Azərbaycana ehhtiyacı olan istənilən dəstəyi göstərə bilər. Bu bəyannamə ilə Türkiyənin Azərbaycanın yanında olması üçün bütün hüquqi bazalar təmin edildi və bu baza hər iki ölkənin qanunverici orqanı tərəfindən təsdiq olundu. Azərbaycana hansısa üçüncü dövlət tərəfindən təhlükə olarsa, qanuni şəkildə Türkiyə Azərbaycanın maraqlarına uyğun hərəkət etməyi öz üzərinə götürüb. Həmçinin Azərbaycan da Türkiyənin sərhədlərində təhlükə yaranarsa, hərəkətə keçə biləcək. Bu, Azərbaycan üçün böyük, əhəmiyyətli hadisədir. Ermənilər Rusiyaya görə özlərini müəyyən qədər arxayın hiss edirdilər və regionda hər şeyi edə biləcəklərini düşünürdülər. Türkiyə kimi güclü və böyük dövlətin rəsmi sənədlərlə də Azərbaycanın yanında olması vacib idi”.

Bəyannamədə ifadə olunan “hərbi əməkdaşlığın dərinləşdirilməsi” məsələsinə də toxunan Şair Ramaldanov Türkiyənin Qarabağda hərbi bazalar yaratmaq ehtimalından da danışıb:

“Qarabağda Türkiyənin hərbi bazalarının yaradılması barədə danışmaq hələ tezdir. Qarabağda bazaların yaradılmasına hələ böyük ehtiyac yoxdur. Azərbaycanı müdafiə etmək üçün Türkiyə o qədər də uzaqda deyil. Gələcəkdə ehtiyac yaranarsa, bunun üçün artıq hüquqi baza var. Türkiyənin Qarabağda hərbi bazalar yaradılmasına heç bir maneə qalmadı. Artıq bu məsələ iki dövlətin daxili məsələsidir və hüquqi sənəd olduğundan istənilən vaxt bununla bağlı əməli addımlar atıla bilər. Hərbi sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı üçün heç bir məhdudiyyət yoxdur”.

  •  (4)
  •  (2)