“Qala Həyat” və “Qala” Sığorta şirkətləri üç il istifadə etdikləri xidmət haqqını ödəməkdən imtina edirbackend

“Qala Həyat” və “Qala” Sığorta şirkətləri üç il istifadə etdikləri xidmət haqqını ödəməkdən imtina edir

Press Revyu İnformasiya Monitorinq Agentliyi (PRA) 17 yanvar 2018-ci il tarixindən “Qala Həyat” və “Qala” Sığorta şirkətlərinə media monitorinq xidməti göstərib. Media monitorinq xidmətini hər iki sığorta şirkətinin nümayəndəsi sifariş verib.  Belə ki, 2018-ci ilin yanvar ayının əvvəlindən agentliyin nümayəndəsi ilə hər iki Sığorta Şirkətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi “Qala” Sığorta və “Qala Həyat” Sığorta şirkətlərinə Media Monitoring xidmətinin göstərilməsinə dair danışıq və  müzakirələr aparıb.

Xidmətin göstərilmə şərtlərinə dair razılıq əldə edildikdən sonra, e-mail vasitəsilə 18 yanvar 2018-ci il tarixdə müqavilənin elektron variantı göndərilib. 31 yanvar 2018-ci il tarixində “Qala Həyat” sığorta şirkətinin rəsmi e-mail ünvanından Press Revyu Agentliyinə 2 dəfə müraciət olunaraq, xidməti həmçinin Sığorta Şirkətlərinin rəhbərliyi də daxil olmaqla 7 nəfərə  göndərilməsi xahiş edilib. 2 aprel 2018-ci il tarixində, yenə də “Qala Həyat” sığorta şirkətinin rəsmi e-mail ünvanı üzərindən agentliyə müraciət edilərək, rəhbərliyə aid olan 3 nəfərə xidmətin çatdırılmasında çətinlik yarandığı haqda məlumat verilib. Problem dərhal həll olunub, xidmət göndərilməkdə davam edib.

2021-ci ilin əvvəlində “Qala” Sığorta qrupunun 36 ay istifadə etdiyi xidmət haqqının ödəmədiyi məlum olub.  Press Revyu Agentliyi yaranmış problemlə bağlı hər iki sığorta şirkətinin rəhbərliyinə müraciət etsə də, problem öz həllini tapmayıb. Onlar xidmətin göstərildiyini etiraf etsələr də, xidmət haqqının ödənilməsinin mümkünsüz olduğunu bildiriblər. Belə ki, sözügedən sığorta şirkətlərinin adından yalnız İdarə Heyətinin sədrlərinin danışmaq və müqaviləni imzalamaq səlahiyyətinin olduğunu bildiriblər. Qeyd edək ki, əməkdaşlığa başlamaqla bağlı aparılan yazılı danışıqlar barədə hər iki sığorta şirkətinin rəhbərliyinin məlumatı olub. Belə ki, e-mail vasitəsilə aparılan yazışmaların surəti həmçinin rəhbərliyə e-mail vasitəsilə göndərilib və bütün bunların arxivi agentliyin bazasında indi də qalır.

PRA problemin həll olunması üçün “Qala” Sığorta qrupuna rəsmi məktubla müraciət edib. Mənfi cavab aldıqdan sonra Bakı Kommersiya Məhkəməsində adları çəkilən sığorta şirkətlərinə qarşı iddia qaldırıb. İşə baxışı hakim Həsənova Ülkər həyata keçirib. Xidmətin sifariş olunduğu və onun 36 ay ərzində hər iki sığorta şirkətinə gündəlik göstərildiyinə dair bütün sübutlar Məhkəməyə təqdim edilib. Sığorta Şirkətlərinə xidmətin göstərildiyi sübut olunmaqla yanaşı, hər iki sığorta şirkətinin agentliyin təqdim etdiyi hesabatlardan öz reklam məqsədləri üçün mediada istifadə etdikləri də üzə çıxıb. Həmçinin hər iki sığorta şirkəti onu təmsil etmiş nümayəndə ilə əmək müqaviləsini təqdim etməkdə acizlik göstərib. Beləliklə 36 ay xidmətdən qanunsuz istifadə edən hər iki şirkətin, həm də, əmək qanunvericiliyini kobud surətdə pozduğu məlum olub. Yuxarıda sadalanan faktlara dair yazılı sübutların təqdim edilməsinə baxmayaraq Bakı Kommersiya Məhkəməsi “işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edib ki, iddiaçı tərəfindən cavabdehlərə göstərilmiş xidmətlərə görə ödənilməli olan xidmət haqqının tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyi” üçün iddia təmin edilməsin. Press Revyu Agentliyi  Bakı Kommersiya Məhkəməsinin Qətnaməsi ilə razılaşmayaraq,  işdən Apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi müxtəlif bəhanələr gətirərək, işin baxılmasını yubadır. Press Revyu Agentliyi  işin gedişatı ilə bağlı media və ictimaiyyəti məlumatlandıracağını bəyan edir.

 

  •  (0)
  •  (0)