Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki “Repressiya Qurbanlarının Xatirəsi Dövlət Muzeyi”ndə keçirilən “Azərbaycan və Özbəkistan xalqlarının repressiya faciəsi: Bir tarix, bir tale” adlı beynəlxalq konfransda geniş çıxış edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və adıkeçən Muzeyin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin və “NƏFƏS” İctimai Birliyinin dəstəyi ilə gerçəkləşdirilən konfransın xüsusi önəmini vurğulayan Q.Paşayeva, qardaş xalqlarımızın ortaq tarixindən, oxşar taleyindən söz açıb: Əziz konfrans iştirakçıları, Hər biriniziə Azərbaycandan gələn nümayəndə heyətimiz adından salamlayır, Azərbaycanlı qardaş-bacılarınızın ən xoş diləklərini sizə yetirirəm! Biz konfransdan öncə “Şəhidlər xatirəsi” Memorial Kompleksini ziyarət etdik, şəhidlərimizin ruhuna dualar oxuduq. Bir daha, Azərbaycanın, Özbəkistanın, bütün Türk dünyasının şəhidlərini, repressiya qurbanlarının ruhunu ehtiramla yad edirəm. Ruhları şad olsun! Bu Muzey mövzusuna, təyinatına görə ağır kədərimizi ifadə edir. Lakin biz çox şadıq ki, müstəqil Özbəkistan var və müstəqil ölkənin siyasi iradəsi ilə belə bir muzey yaradılıb. 21 il öncə yaradılmış bu muzey, Özbəkistanda ötən yüzilliyin 20-ci illərindən başlayaraq 50-ci illərədək davam etmiş repressiyaya məruz qalmış insanların əziz xatirəsini yaşadır. Muzeyin məhz məhbus həyatı yaşayanların qətlə yetirildiyi ərazidə inşa olunması çox manidardır. Bəli, fədakar aydınlarımız, alimlərimiz, ruhanilərimiz, şair və yazıçılarımız, millətsevər, haqsevər, vətənsevər vətəndaşlarımız Sovet dövründə Özbəkistanda da, Azərbaycanda da eyni taleyi yaşayıb. Repressiya dönəmində, heç bir günahı olmadan müxtəlif bəhanələrlə öz yurd-yuvalarından zorla çıxarılaraq, haqsız istintaqa cəlb olunub, qondarma səbəblərlə uzaqlara sürgün olunub, güllələnib. Azərbaycanda, Özbəkistanda, digər qardaş respublikalarda da müəyyən fasilələrlə uzun illər davam edən repressiya xalqlarımızın elminə, təhsilinə, mədəniyyətinə, ümumilikdə genofondumuza böyük zərbə vurub. Yüz minlərlə aydın, alim, ayrı-ayrı sahələr üzrə mütəxəssislər gedər-gəlməzə göndərilib. Azərbaycandan Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad və digərləri, Özbəkistandan Fitrət, Botu, Abdulla Qədiri, Usman Nasir, Şöhrət, Mirzakolon İsmaili, Said Əhməd, Şükrulla, Özbək romançılığının “atası” Aybək və yüzlərlə digər aydınımız qondarma ittihamlarla “Xalq düşməni” elan edilərək qətlə yetirilib. Repressiya maşını soydaşımız, özbək ədəbiyyatının klassikinə çevrilən şair, “Manquberdi”, “Mirzə Uluğbəy” kimi dramlar, “Daşkəndnamə” kimi poema yazmış Maqsud Şeyxzadədən də yan keçməyib. Yenə, iki xalqın ortaq dəyərlərindən olan Seyid Rza repressiyaya məruz qalıb. Bir müddət Xarəzmdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan görkəmli Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminli Ürgəncdə həbs edilərək, Bakıya aparılıb, orada qondarma ittiham və istintaqla repressiyaya məruz qalıb. Azərbaycan və Özbək xalqının başqa bir ortaq dəyəri – Xalid Səid Xocayev İstanbulda universitet bitirib, Bakıdan Özbəkistana gəlmək istəyib və onu Vətəninə gəlməyə qoymayıblar. Bir müddət sonra bu böyük aydınımız həbs olunub və güllələnib. Mahmud Qaşqarinin “Divani-lüğəti-it türk” əsərini Azərbaycan dilinə ilk dəfə Xalid Səid çevirmişdi. Təəssüf ki, bir çox işləri kimi, həmin işi də repressiya icraçıları tərəfindən it-bat edilib və bugünədək əldə edilə bilməyib. Bizim dinimiz, dilimiz, tariximiz və mədəniyyətimiz, eləcə də, dərdimiz, kədərimiz birdir. Lakin biz dərdə boyun əyməmişik. Bu gün müstəqil dövlətlərimizin varlığı və günü gündən inkişaf etməsi repressiya qurbanlarının ruhunu şad edən ən böyük hadisədir. Ölkələrimiz arasında bütün sahələrdə uğurla inkişaf edən münasibətlər ortaq tariximizin öyrənilməsi üçün də vacibdir. Müvafiq elm, mədəniyyət ocaqlarımızın, eləcə də, ortaq türk qurumlarımızın, repressiya tariximizə daha çox diqqət ayıracağına inanıram. Repressiya qurbanlarımızı bir daha dərin ehtiramla yad edirəm! Sonra qonaqlar və iştirakçılar muzeyə baxış keçirib. Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva və Azərbaycan nümayəndə heyətinə daxil olan digər şəxslər çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər və gənc nəsillərə çağırışlar səsləndiriblər.