Prokurorluq orqanlarına işə qəbulla bağlı növbəti test imtahanı keçirilib.
Prokurorluq orqanlarında işə növbəti qəbul Prezidentin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq təşkil edilir.
Müsabiqə vakant 80 ştat vahidi üzrə elan edilib. İmtahanın tam şəffaf və aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri müşahidə ediblər.
Milli məclisin deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, artıq uzun illərdir ki, Azərbaycanda prokurorluq orqanlarına işə qəbul məhz bu cür şəffaf yolla həyata keçirilir. Prokurorluq orqanlarında islahatların yeni mərhələsi məhz 2000-ci ilin əvvəllərindən başlayıb. Müsabiqə yolu ilə prokurorluq orqanlarına işə qəbul əlbəttə ki, bu orqanda çalışan Azərbaycan gənclərində hüquq mühafizə orqanlarına, xüsusilə prokurorluq orqanlarına inamı və etimadı yüksəldib.
Baş prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov isə bildirib ki, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul yalnız müsabiqə vasitəsilə həyata keçirilir. Bugünkü imtahanda 258 nəfər iştirak edib. 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə əsasında prokurorluq işçilərinin 67 faizini təşkil edən 873 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.
Hokm.az
















