Prezidentin pul ayırdığı bu qurum işinin öhdəsindən gəlmir – DEPUTATbackend

Prezidentin pul ayırdığı bu qurum işinin öhdəsindən gəlmir – DEPUTAT

Azərbaycan Prezident tərəfindən fermerlərin sata bilmədiyi məhsulları almaq məqsədilə 2018-ci ildə yaradılan Aqrar Tədarük və Təchizat ASC işinin öhdəsindən gəlmir, nəticədə ölkə idxaldan asılı vəziyyətə düşür ki, bu da inflyasiyaya səbəb olur.

Hokm.az xəbər verir ki, bunu sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Anews.az-a bildirib.

“2018-ci ildə yaradılan Aqrar Tədarük və Təchizat ASC öhdəsinə düşən işi görmür. Həmin quruma ildə 55-60 milyon pul ayrılır. Bu qurumun birbaşa işi budur ki, fermerlərin sata bilmədiyi məhsulları alsın. Qiyməti, kefiyyəti müəyyən edib fermerin qapısından götürməlidir həmin məhsulları. Amma bu qurum işləyə bilmir. Bu qurum iş mexanizmlərini tam dəyişməlidir. Regional ofisləri olmalıdır. Bakıda oturmaqla məhsul almaq olmur. İlkin prosesdə o qədər xoş danışırlar bəli, baş üstə, icra edərik, amma ortada iş yoxdur. Bazarda yerli malın bolluğunu yarada bilmirik. Nəticədə inflyasiya artır”, – deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, Azərbaycanda çay, qənd, çörək, şəkər, yağ, un kimi qida məhsullarına dövlət nəzarəti olmalıdır.

Mərkəzi Bankın uçot dərəcəsini 6,5%-dən 7%-ə kimi artırmaq barədə qərarını şərh edən millət vəkili bu qərarı ölkə iqtisadiyyatının tənzimlənməsinə nəzarət kimi qiymətləndirdiyini dedi.

“Uçot dərəcəsinin qalxması iqtisadi inkişafın müəyyən edilməsi üçün nəzərdə tutulan bir alətdir. Bu artım postsovet ölkələrinin bir neçəsində artıq baş verib və bunu Azərbaycanda cüzi artım hesab etmək olar. Bu inflyasiyanın qarşını almaq üçün atılan addımdır. İqtisadiyyatda müəyyən zəifləmə hiss ediləndə bu addımlar atılır. Uçot dərəcəsi birbaşa bank kreditlərinə təsir edir. Nəticədə banklar kreditləri daha aşağı faizlə verə bilir. İnflyasiya ilə mübarizə aparmaq üçün isə ölkədə kənd təsərrüfatında bolluq yaratmaq lazımdır. Bizdə qida məhsullarının 45-50%-i demək olar xaricdən gəlir”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO ) rəsmi açıqlamasına görə, son 11 ildə qida məhsullarının qiyməti hər il 1,7-2% artır. Təkcə 2021-ci ildə bu qiymətlər 15%-ə qədər qalxıb. Səbəb kimi pandemiya və iqtisadiyyatın tam formalaşmaması göstərilir. “Yəni bu problem deyil qlobal problemdir. Buna görə də Azərbaycanda idxal olunan məhsulların qiymətində artımlar var və bunu tənzimləmək üçün yerli istehsalı stimullaşdırmaq lazımdır”, – deyə millət vəkili bildirib.

Azərbaycan Republikası Mərkəzi bankı (AMB) bu gün uçot dərəcəsinin 6,5%-dən 7%-ə kimi artırılması barədə qərar verib.

AMB idarə heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, buna səbəb ölkədə inflyasiya gözləntilərinin artmasıdır.
Hazırda ölkədə orta inflyasiya 6-6,5% təşkil edir, illik inflyasiyanın isə 9,5-10,5% olacağı gözlənilir.

  •  (0)
  •  (1)