Biz keçmişimizi ticarət köşklərindən almalı deyilik. Azərbaycan tarixinin ən mühüm salnamələrinin qorunub saxlandığı Rusiya arxivləri, eləcə də İran, Gürcüstan, Fransa, Britaniya, həmçinin ABŞ-a hissə-hissə səpələnmiş tariximizin vahid bir binaya – ölkəmizə gətirilməsi, Milli Tarix Kitabımızın yazılması üçün müvafiq dövlət proqramı qəbul edilsin.
Hokm.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.
O, Prezidentin bu ilin martın 5-də Tovuz rayonuna səfəri zamanı baş vermiş hadisəni xatırladıb:
“Ölkə Prezidenti Tarix Diyarşünaslıq muzeyini ziyarət edərkən divardan asılmış xəritəyə iradını bildirərək demişdi: “Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Özü də uşaq otağıdır. Onlar gəlib soruşacaq ki, hanı mənim qədim şəhərlərim? Əvəzində orada Urartunu görürük”.
Eyni səhnə ölkə başçısının Tərtərdə Dövlət rəmzləri muzeyində olarkən də təkrarlanmışdı. Prezident orada dedi ki, gərək tarixi yerlərimiz öz adları ilə əks olunsun: “Sisianın əsl adı Qarakilsədir, bunu pozun və Qarakilsə yazın”.
Göründüyü kimi, tarixi-mədəni-elmi irsimizi təkcə ermənilərin hücumundan deyil, ilk növbədə özümüzün səhv və yanlışlarımızdan qorumalıyıq. Oxşar mənzərə prezidentin İrəvanla bağlı açıqlamalarına bizim bir çox alimlərimizin və siyasətçilərin reaksiyasında da özünü göstərirdi. Lakin indi biz qalib millətik və yeni tarix də gözümüzün qabağında yazılır. Bir vaxtlar çarizm və ondan sonrakı sovet dövründə öz milli keçmişimizi düzgün yazmağa icazə verilmədiyini deyirdik. Bəs indi bizə kim mane olur?
Təəssüf ki, müstəqillikdən keçən 30 ilə yaxın müddətdə biz tariximizə hərtərəfli və obyektiv baxışı, dünya elminin qəbul etdiyi sistemli yanaşma metodu ilə onun yazılmasını təmin edə bilməmişik. Başa düşməliyik ki, tariximiz ideologiyaların və siyasətin qurbanına çevrilə bilməz. Ona görə də təklif edirik ki, ölkə rəhbəri yanında xüsusi Tarix Komissiyası yaradılsın.
Bu, torpaqlarımızın azad olunması qədər vacib olan vəzifədir. Çünki dünənini düzgün öyrənmək, mifologiya və ilğımlardan azad olaraq, daha gerçək milli hədəflər uğrunda mübarizə aparmaq deməkdir”.
















