Rusiya ordusu Ukraynaya bütün cəbhə boyu eyni anda hücum edəcək qədər gücdə deyil, bunu Kiyevdə yaşayan soydaşımız “Analitik və İnformasiya Platforması” təşkilatın sədri, politolog Qulu İbrahimov PLATFORM4.NEWS -a müsahibəsində bildirib.
“Rusiya Ukraynanın şimalında hərbi aktivliyini azaltmaq məcburiyyətində qaldı, çünki Ukrayna ordusu Kiyev vilayətini işğalçılardan uğurla azad etməyi bacardı. Rusiya qoşunları paytaxt ətrafında cəbhə xəttini saxlaya bilmədi”, İbrahimov bildirib.
Politolog hesab edir ki, Putin ordusunun gücünü daha real dəyərləndirməyə başlayıb.
“Fevral ayının 24 dən başlayaraq işğalçıların bütün istiqamətdə hücumlarını izləyərkən görürük ki, Ukraynaya eyni anda bütün istiqamətdə hücumu davam etdirmək üçün işğalçıların gücü yetərincə deyil. Buna görə də digər istiqamətlərdə intensivliyi artırmaq üçün şimal bölgəsindən cəbhənin digər hissələrinə köçürmək məcbüriyyətində qaldılar”, deyə politolog bildirib.
“Hesab edirəm ki, Putin artıq Ukraynaya bütün istiqamətlərdə hücumu davam etdirmək üçün kifayət qədər gücü olmadığını başa düşür”, deyə Q. İbrahimov əlavə edib.
















