14 Aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) “Ətraf mühitin qorunması və əhalinin ekoloji maarifləndirilməsi” adlı layihəsi çərçivəsində Bakı şəhəri, Pirallahı rayonu, 168 saylı tam orta məktəbdə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. O qeyd edib ki, insanların ekoloji maarifləndirilməsi günümüzün ən aktual problemlərindən biridir.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, son dövrlərdə dövlətimizin ətraf mühitin qorunması istiqamətində qəbul etdiyi qanunlara və həyata keçirdiyi tədbirlərə baxmayaraq birliyimizin apardığı sorğulardan məlum olmuşdur ki, vətəndaş cəmiyyəti institutlarının çoxşaxəli tədbirlərin keçirilməsinə hələ də zərurət vardır. DİNİB sədri Çingiz Bayramov çıxışına davam edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin “Bir ağacı kəsən mənim bir qolumu kəsir” fikri dövlətimizin ekologiya verdiyi ən böyük dəyərdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Fuad Rzazadə qeyd edib ki, məqsədimiz ətraf mühitin çirklənməsinin qarşısının alınmasında və əhalinin sağlamlığının təmin edilməsində apardığı siyasətə Agentlik olaraq öz töhfəmizi vermək və bu sahədə ictimayyət arasında maarifləndirmə işləri üçün qeyri-hökümət təşkilatları ilə yaxından əməkdaşlıq etməkdir.
Uzun illər təhsil sahəsində çalışmış Ragip Sarı ekoloji maarifləndirmə sahəsində çox maraqlı və əyləncəli çıxışı ilə tədbir iştirakçılarını mövzu ilə bağlı tanış edib. Natiq çıxışına davam edərək bildirib ki, İnsan ağac əkməklə, heyvanlara qayğı göstərməklə ekologiyaya öz töhfəsini verə bilər. İnsanlar ağacı kəsməklə tək ağacı məhv etmir, eyni zamanda quşlar, həşəratlar, balıqlar da məhv olur.
“Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Əhədova çıxış edərək bildirib ki, ekoloji mədəniyyətin formalaşması ailədən başlayır və məktəbdə davam edir. Şagirdlərin bu məsələlər ətrafında təlim və tərbiyəsinin aparılmasına və mədəniyyətin formalaşdırılmasına ehtiyac olduğunu ortaya çıxarıb.
168 saylı orta məktəbin müəllimi
İsfəndiyar İsgəndərov da ekoloji problemlərdən danışıb. İçməli su problemindən və onun həlli yolundan danışan İsgəndər müəllim Xəzər dənizində suyun səviyyəsinin azalması probleminə də toxunub və yaranma səbəbləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirin sonunda isə iməcilik keçirilib və xatirə şəkli çəkilib.